Gənclər təşkilatları üçün 30 müxtəlif mövzuda onlayn vebinarlar keçirilib
Martın 15-dən mayın 22-dək Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatları üçün 30 müxtəlif mövzuda onlayn vebinarlar keçirilib. ARGTMŞ-nın vebinarları keçirməsində məqsədi hazırda ölkəmizdəki mövcud vəziyyətlə əlaqədar olaraq dövlətimizin yürütdüyü siyasətə dəstək olmaq, o cümlədən gənclərin sosial izolyasiya prosesi müddətində evdə qalaraq vaxtlarını daha səmərəli keçirməsini təmin etməkdir.
Gənclər Təşkilatları Milli Şurasından Frame.az-a bildirib ki, keçirilmiş onlayn vebinarlarda ARGTMŞ-na üzv olan gənclər təşkilatlarının nümayəndə və könüllüləri, ARGTMŞ katibliyi və könüllüləri olmaqla, ümumilikdə, 1000-ə yaxın gənc iştirak etmiş və fərqli mövzulardan müxtəlif biliklər əldə ediblər.
ARGTMŞ-nın gənclər təşkilatları üçün təşkil etdiyi vebinarlar davam etməkdədir.
Onlayn vebinarlarla yanaşı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraları” layihəsi də onlayn şəkildə davam edir. Belə ki, Tovuz, Şəmkir, Biləsuvar, Bakı şəhəri Xəzər rayonu, Qazax rayonundan olan Məşvərət Şuraları üzvləri üçün mütəmadi olaraq təlimlər keçirilir. Təlimlər “Effektiv nəticənin əldə olumasında peşəkar sorğunun rolu”, “Məşvərət Şurası üzvlərinin texniki bacarıqlarının inkişafı”, “Stresli vəziyyətin idarə olunması”, “Sosial Media və şəbəkələrin gücü ilə hədəf auditoriyamıza necə çata bilərik?”, “Emosional zəka” mövzularında təşkil olunub. Təlimlərdə hər rayondan 20 nəfər olmaqla, ümumilikdə, 100 iştirakçı iştirak edib.