EventsMədəniyyətTəqdimat

Nazir Anar Kərimov Azərbaycanda Amerika Ticarət Palatasının təşkil etdiyi növbəti görüşün qonağı olub

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) hər ay bir dövlət rəsmisi ilə görüş təşkil edir.

Noyabrın 25-də “JW Marriott Absheron Baku” hotelində qurum tərəfindən keçirilən növbəti görüşün qonağı mədəniyyət naziri Anar Kərimov olub.

Nazirlikdən bildirilib ki, görüş iştirakçılarını salamlayan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli palatanın 2022-ci il üçün strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib, qarşıda duran planlardan bəhs edib.

Sonra “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu mədəniyyət naziri Anar Kərimovu təqdim edib və görüşdə iştirakına görə minnətdarlığını bildirib.

Dəvətə görə təşəkkür edən Anar Kərimov deyib ki, hər bir xalqın qürur duyduğu sahələrdən biri onun mədəniyyətidir. Çünki mədəniyyət xalqların dəyərlərini, adət-ənənələrini, kimliyini göstərir: “Biz də, sözsüz ki, qədim və zəngin mədəniyyətimizlə fəxr edirik. Buna görə də mədəniyyətimizin daha da inkişafı, gələcək nəsillərə ötürülməsi üçün əlimizdən gələni etməliyik”.

Nazirliyin mədəniyyətə strateji baxışları haqqında məlumat verən Anar Kərimov bildirib ki, niyyətimiz mədəniyyətin davamlığını qorumaq, mədəniyyəti həyat tərzimizin ayrılmaz və zəruri parçası kimi təşviq etmək, eyni zamanda, onu müstəqilliyimizin bir təzahürü olaraq inkişaf etdirməkdir: “Biz, həmçinin mədəniyyətin iqtisadi inkişafa töhfəsini də artırmaq istəyirik. Nazirlik azərbaycanlı kimliyini ucaldan, xalqımızı mənəvi baxımdan zənginləşdirən, yaradıcılığı və innovasiyanı təşviq edən bir mədəniyyət yaratmağa çalışır. Bunu reallaşdırmaq üçün konkret addımlar atmalıyıq. Burada bizim üçün ən önəmli beş fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bu istiqamətlər şəffaflığın təmin edilməsi, səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması, effektivliyin artırılması və rəqəmsallaşdırmanın aparılmasıdır. Mədəniyyət Nazirliyi özündə 5 minə yaxın müəssisə birləşdirir. Bu müəssisələrdə 45 minə yaxın insan çalışır. Bu sistemə şəffaflığın gətirilməsi, idarəetmənin təkmilləşdirilməsi və effektivliyin artırılması ən vacib məsələlərdən biridir”.

Cari ildə tarix-mədəniyyət abidələrinin qorunması və qeydiyyatı haqqında söz açan nazir bildirib ki, bu ilin ilk on ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonalarının layihələndirilməsi aparılıb. Bu addımlar həm də abidələrə kənar müdaxilənin qarşısının alınması məqsədilə atılır: Son iki ildə abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiya müşahidə olunur.

Anar Kərimov, həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətini canlandıracaq innovativ əyləncələr layihəsi haqqında da məlumat verib, kino sahəsində, işğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpası istiqamətində nazirlik tərəfindən görülən və görüləcək işlərdən danışıb. Nazir bu sahələrə dövlət-özəl sektor tərəfdaşlığının önəmli töhfə verə biləcəyini də diqqətə çatdırıb.

Sonra “AmCham Azərbaycan”ın rəhbərliyi tərəfindən nazirə xatirə hədiyyəsi təqdim olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədov Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” haqqında məlumat verib. Söyləyib ki, serialda tariximizin ən şərəfli dövrlərindən biri olan XII-XIII əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi mənzərəsi ilə yanaşı, elmi və mədəni mühitini təmsil edən şəxsiyyətlərin obrazı canlandırılacaq: “Çalışmışıq ki, şanlı tariximizi mükəmməl şəkildə ekranlaşdıraq. Gələcək nəsillər bu filmə baxıb tariximizlə fəxr eləsinlər”.

Daha sonra “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filminin treyleri nümayiş etdirilib.

Sonda “Amcham Azərbaycan”ın birinci vitse-prezidenti İlqar Mehdi və qurumun Marketinq, kommunikasiya və biznesin inkişafı üzrə İşçi qrupunun sədri Aysel Süleymanova çıxış edərək film haqqında fikirlərini bölüşüblər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!