Beynəlxalq Miqrasiya Təşkilatı məcburi köçkün icmaları üçün kənd yerlərinin kompleks inkişafı layihəsini təqdim edib
BMT-nin Miqrasiya Agentliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasına başlanılıb.
BMT-nin Azərbaycan nümayəndəliyindən Frame.az-a bildiriblər ki, dördillik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədini daşıyır. BMqT-nin bu sahədəki uğurlu keçmiş təcrübəsinə və xüsusi səriştəsinə əsaslanan bu layihə kəhrizlərin bərpası ilə məhdudlaşmır. Layihə, eyni zamanda, Azərbaycan Hökumətinə kəhrizlərin bərpası ilə əlaqədar baş planın hazırlanmasına töhfə verəcək, yerlərdə kəhriz mühəndisləri və kankanların potensialını gücləndirəcək, mikro və kiçik sahibkarlığın yaradılmasına yardım vasitəsilə məcburi köçkünlərin, xüsusilə də qadınların kiçik sahibkarlıq fəaliyyətinə dəstək verəcək. BMqT-nin layihədə nəzərdə tutduğu strategiya qadınları əsas benefisiar və su təminatının idarəediciləri olaraq görür.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak layihə ilə bağlı deyib: “Ətraf mühit insan yerdəyişməsi və insanların cəmləşməsinə hər zaman öz təsirini göstərsə də, biz ətraf mühit, iqlim dəyişikliyi və miqrasiya arasında olan bu mürəkkəb əlaqəni yeni anlamağa başlayırıq. Azərbaycanda kəhrizlərin bərpasının öncüsü olaraq BMqT-nin kənd ərazilərində yaşayan minlərlə ailəyə faydalı olacaq bu sahədə işini davam etdirmək imkanını yüksək dəyərləndirirəm.”
KOICA Azərbaycan nümayəndəliyinin rəhbəri Kumok Park qeyd edib: “Bizim inkişaf fəaliyyətimizin mərkəzində insan dayanmalıdır. İqtisadi və sosial inkişaf insanlığın rifahı naminə əldə edilməli, sülhün təmini və möhkəmləndirilməsinə bu rifahın davamlılığı ilə nail olunmalıdır. Kəhriz layihəsi KOICA-nın 3P prinsipi (People, – insanlar, Prosperity – rifah, Peace – sülh) ilə tam üst-üstə düşür. Mən KOICA-nın BMqT ilə birgə çalışaraq bu layihəni dəstəkləyə bilməsindən məmnunam”.
Bununla yanaşı, layihə Azərbaycanın qarşıdan gələn Miqrasiya üzrə Qlobal Kompaktın və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) prinsiplərini həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verəcək. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi (1-ci Məqsəd), qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması (5-ci Məqsəd), ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi (6-cı Məqsəd) daxildir.