Nizami Gəncəvi Beynəlxalq Festivalı başlayır

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 fevral 2021-ci il tarixli 146s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair” Tədbirlər Planına əsasən 15 noyabr tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı başlayır.

Festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək.

Festivalın açılış günündə görkəmli elm xadimləri, Nizamişünaslar, dövlət rəsmiləri və Gəncə şəhər ictimaiyyəti Nizami Gəncəvinin Məqbərəsini ziyarət edəcək, ardınca gün boyu Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri və Xalq Çalğı Alətləri Orkestri çıxışları ilə festivalın qonaqlarını salamlayacaqlar.

Eyni gündə Bakı şəhərində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Nizaminin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramı təşkil ediləcək.

Noyabrın 16-da Gəncə şəhərində Nizami Poeziya Teatrında “Nizami işığında” tamaşası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.

Festival çərçivəsində – 17 noyabr tarixində Gəncə şəhərində Məhsəti Gəncəvi Mərkəzində “Gəncə şairlərinin Ürfan məclisi” ədəbi-bədii kompozisiyası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Kamera Orkestrinin və Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun konserti baş tutacaq.

Noyabrın 18-də Azərbaycan Dövlət Mahnı Teatrında N.Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış “Leyli və Məcnun” tamaşası təqdim ediləcək.

Festivalın davam etdiyi 19 noyabr tarixində Gəncə Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanan “Xeyir və Şər” uşaq tamaşası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Nizami” baleti nümayiş olunacaq.

Noyabrın 20-də Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada qrupunun çıxışı və Bakı şəhərində Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi baş tutacaq.

Zəngin proqrama malik festivalın növbəti günündə – 22 noyabr tarixində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans baş tutacaq, sərgi açılacaq. Həmçinin Beynəlxalq Muğam Mərkəzində “Nizami Gəncəvi.Biblioqrafiya” və “Nizamini oxuyaq” (ingilis dilində) kitablarının və “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” Elektron məlumat bazasının təqdimatı keçiriləcək.

Noyabrın 23-də Azərbaycan Milli Kitabxanasında “Sözləri Nizaminindir” mövzusunda ədəbi-bədii qiraət, musiqi kompozisiyası və eyniadlı disk-albomun təqdimatı və həmin tarixdə Gəncə Urban Mərkəzində Gəncə şəhər uşaq incəsənət və rəssamlıq məktəblərinin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlərə həsr edilən rəsm əsərlərindən ibarət sərginin açılışı olacaq.

Noyabrın 24-də Gəncə Dövlət Dram Teatrında M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan “Misyo Jordan və Dərviş Məstəli Şah” tamaşası təqdim ediləcək.

24 noyabr tarixində öz işinə başlayacaq, yerli və xarici elm adamları, Nizamişünasların iştirakı ilə Bakı şəhərində 3 gün davam edəcək “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forumu və noyabrın 26-da Gəncə şəhərində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının Nizami Gəncəvinin 880 illiyinə həsr olunan çıxışı ilə festival öz işini yekunlaşdıracaq.

15-26 noyabr – Nizami Gəncəvi Beynəlxalq Festivalının proqramı ilə link vasitəsilə daha ətraflı tanış ola bilərsiniz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: