Növbəti “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası “Dəniz Mall”da keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası növbəti dəfə “Carlsberg Azerbaijan” şirkəti ilə birgə “Dəniz Mall” ticarət mərkəzinin qarşısında keçirilib.
Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, aksiya zamanı ümumi tutumu 2040 litr olan plastik butulka yığılaraq “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təkrar emala yönləndirilib. Ümumi tutumu 50 litrdən artıq butulka təhvil verən şəxslərə ekoçantalarla yanaşı, milli parklara bilet, azyaşlı uşaqlara isə kitablar hədiyyə olunub”.
S.Məmmədova qeyd edib ki, aksiyaya iyun ayından start verilib və bu günədək 10 aksiya keçirilib. Vətəndaşlar müxtəlif ərazilərdə keçirilən aksiyalara həvəslə qoşularaq təkrar emal prosesinə öz töhfələrini veriblər. Yay boyu keçirilən aksiyanın məqsədi istifadə olunan plastik butulkaları toplayaraq təkrar emala yönləndirməkdir.
Nazirlik rəsmisi böyük maraq yarandığına görə aksiyaların davam etdiriləcəyini və bu barədə elanların nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkələrində öncədən paylaşılacağını bildirib: “Hər kəsi tullantıların çeşidlənməsi, təkrar emala yönləndirilməsi prosesinə dəstək olmağa çağırırıq. Unutmayaq ki, kiçik vərdişlər böyük dəyişikliklərə səbəb olur”.