Pakistan məhkəməsi küfr söyləməkdə ittiham olunan qadına ölüm cəzası verib
Pakistan məhkəməsi Lahor şəhərindəki məktəblərdən birinin qadın direktorunu küfrdə təqsirli bilərək onu edam cəzasına məhkum edib.
PTI agentliyinə istinadla xəbər veririk ki, müttəhim Salma Tanvir Məhəmməd peyğəmbərin İslamda son peyğəmbər olmadığını təbliğ edirmiş. Pəncab əyalət məhkəməsi 2013-cü ildə yerli din xadiminin şikayəti ilə ona qarşı küfr söyləmək ittihamı irəli sürüb, lakin bunu sübut etmək üçün 8 ilə yaxın vaxt lazım gəlib. Salma Tanvir bütün bu müddəti cəzaçəkmə müəssisələrində keçirib.
Məhkəmə ölüm hökm çıxaran zaman Pəncab əyalətinin Psixi Sağlamlıq İnstitutunun rəyini alıb. Müttəhimin vəkilləri hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.
Qeyd edək ki, Pakistanda Britaniya müstəmləkəçiliyi dövründən bəri küfr həmişə ağır cinayət sayılıb və sərt cəzalandırılıb. Pakistanın sabiq diktatoru general Ziyaül-Həqq 1980-ci illərin əvvəllərində küfr qanununu daha da sərtləşdirib və bu cinayətə görə ölüm cəzasını tətbiq edib. 1982-ci ildən indiyədək ölkədə 1742 nəfər küfr ittihamı ilə məhkum edilib. Vəkillərin belə işlərdən imtina etməsi səbəbindən onların çoxu məhkəmə zamanı hüquqi müdafiə ilə təmin olunmayıb.