IqtisadiyyatTəhsilTəqdimatƏn SonƏn Son

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Martın 2-6-da ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində sahə mütəxəssislərinin inkişafı və maarifləndirilməsi məqsədilə beynəlxalq seminar və təlimlərin keçirilməsi nəzərdə tutulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Frame.az-a bildirilib ki, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə martın 3-də dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” üzrə praktiki seminar keçiriləcək. Seminar tanınmış rusiyalı kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin tərəfindən aparılacaq, “pentest”in növləri, metodikası, texnoloji həlləri təqdim ediləcək.

İKT LAB-ın təşkilatçılığı ilə keçiriləcək növbəti tədbir martın 5-də baş tutacaq “Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı” olacaq. Məqsəd kibertəhlükəsizlik üzrə mütəxəssislərin beynəlxalq sertifikatlaşdırma imkanları barədə iştirakçıları məlumatlandırmaqdır. Eyni zamanda, “Ethical Hacker”, “ISO/IEC 27001:2015” standartı əsasında beynəlxalq sertifikat və “CompTIA security+” beynəlxalq sertifikatları və onların əldə edilməsi yolları haqqında daha ətraflı təqdimatlar olacaq.

“Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı”nın davamı olaraq martın 10-14-də “ISO/IEC 27001:2015 standartı – “İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələblər” əsasında beynəlxalq sertifikatlaşdırma təlimi və martın 10-dan başlayaraq 2 ay müddətində davam edəcək “CompTIA Security+”, yəni “IT təhlükəsizliyinin əsasları” beynəlxalq sertifikatlaşdırma təlimi təşkil ediləcək. İştirakçılar təlimdə iştirak etməklə yanaşı, beynəlxalq imtahanları uğurla keçərək beynəlxalq sertifikat almaq imkanı əldə edəcəklər.

Qeyd edilən təlimlər kibertəhlükəsizlik sahəsində ölkəmizin kadr potensialının gücləndirilməsi, eləcə də dövlət orqanları, idarə, müəssisə və təşkilatların beynəlxalq sertifikatlı mütəxəssislərə malik olması və kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilir. “www.cyberweek.az”və “www.iktlab.az”internet saytlarında seminarlar və təlimlər haqqında ətraflı məlumat almaq və proqramlarla tanış olmaq mümkündür. Seminar və təlimlərdə iştirak etmək istəyən şəxslər İKT LAB Tətbiq və Tədris Mərkəzinin +99412 5050113 telefon nömrəsi və “telim@iktlab.az” elektron poçtu ilə əlaqə saxlayıb qeydiyyat üçün müraciət edə bilərlər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!