Pandemiya sərhədyanı ətraf mühitin çirklənməsinin qarşısını ala bilmədi
COVID-19 pandemiyası səbəbindən milyonlarla insan səyahət etmək imkanını itirib, bir çox sərhədyanı magistral yollar boşalıb, uçuşların sayı azalıb. Bununla yanaşı, pandemiya sərhədyanı ətraf mühitin çirklənmənsinin qarşısını ala bilməyib. İstənilən ölkədə zərərli maddələrin atmosferə buraxılması dərhal qonşu ölkəyə yayılır.
Frame.az BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə təşkilatın Avropa İqtisadi Komissiyasında hər il sentyabrın 7-də qeyd olunan Beynəlxalq Təmiz Hava və Mavi Göylər Günü münasibətilə xatırladılır.
BMT ekspertləri havanın çirklənməsini “görünməz qatil” adlandırırlar. Bunun nəticəsidir ki, hər il 7 milyon insan həyatını itirir. Havanın çirklənməsi tənəffüs, yoluxucu, ürək, insult, ağciyər xərçəngi xəstəliklərinin yaranmasına və hamiləlik ilə bağlı fəsadlara səbəb olur. Çirkli hava ilə tənəffüs edən uşaqlarda getdikcə astma, xroniki ağciyər çatışmazlığı, boyatmanın geri qalması, diabet, piylənmə və zehni gerilik xəstəlikləri baş qaldırır.
COVID-19 ilə mübarizə zamanı insanların təyyarədən və ictimai nəqliyyatdan daha az istifadə etmələri nəticəsində alimlər dünya ölkələrinin çoxunda havanın çirklənməsində, xüsusən də azot oksidlərinin səviyyəsində kəskin azalma olduğunu aşkar ediblər. Təbii ki, bu əsasən, şəhər rayonlarında nəqliyyatın hərəkətinin azalması səbəbindən baş verir. Məsələn, Madriddə havanın çirklənmə səviyyəsi təxminən 50 faiz azalıb. Bənzər vəziyyət digər böyük şəhərlərdə də müşahidə olunur.
Lakin ekspertlərin qeyd etdiyi kimi, havanın keyfiyyəti nəqliyyatla bağlı olmayan bir çox digər çirkləndiricilərdən də asılıdır. Bu baxımdan qeyd olunmalıdır ki, yaşayış və digər binaların qızdırılması və ya sahələrin gübrələnməsi zamanı atmosferin kiçik hissəciklərlə çirklənməsi azalmayıb.
“Bu onu göstərir ki, şəhərlərdə havanın çirklənməsinin təsirindən qoruna bilmək üçün nəqliyyat sektorundan kənara çıxan sahələrarası kompleks tədbirlərin görülməsi vacibdir”, – deyə BMT-nin Avropa İqtisadi Komissiyasının bəyanatında bildirilir.
Bəyanatın müəllifləri havanın çirklənməsinin yalnız insan sağlamlığına deyil, iqtisadiyyata da zərər vurduğunu xatırladıblar. Ətraf mühitin çirklənməsindən Avropa regionunda 10 ölkəyə dəyən iqtisadi zərər milli ÜDM-in ən azı 20 faizini təşkil edir.
Beynəlxalq Təmiz Hava Günü ərəfəsində BMT-nin Avropa İqtisadi Komissiyasında transsərhəd zonalarında havanın geniş ərazilərdə çirklilənməsinə dair Konvensiyaya riayət olunmasının vacibliyi xatırlanıb.
Konvensiya dünyada bu qəbildən olan yeganə regional sənəddir. Hava çirkləndiricilərinin milli sərhədləri keçmələri və min kilometrlərlə hərəkət edə bilmələri baxımından bu sənəd beynəlxalq əməkdaşlığın qurulmasında böyük əhəmiyyətə malikdir. Konvensiya çərçivəsində kollektiv səylər nəticə verməkdədir. Məsələn, Avropada atmosferdə 1990-cı ildən bəri zərərli maddələrin, o cümlədən qatı hissəciklərin və kükürd tullantılarınin 30-80 faiz azalıb. Lakin hələ bu sahədə görüləsi iş çoxdur.
Qeyd edək ki, BMT-nin son araşdırmasına görə, Avropa İqtisadi Komissiyasının üzvü olan yalnız on ölkədə: İrlandiya, İslandiya, İspaniya, Estoniya, Kanada, Norveç, Portuqaliya, ABŞ, İsveç və Finlandiyada havanın çirklənmə səviyyəsi icazə verilən minimum normaları aşmır.