Peşəkar Çövkən Liqasında gərginlik artır
Mayın ilk günlərində keçiriləcək 6-cı tur daha bir neçə maraqlı qarşılaşma ilə yadda qalacaq. Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə ötən tur “Atilla”nın qapısından 13 cavabsız top keçirmiş “Buta Qolden” bu dəfə “Polad”la qarşılaşacaq. Bu görüşdə “Buta Qolden” həmin məhsuldarlığın təsadüfi olmadığını göstərməyə çalışacaq. “Polad” isə son oyunda “Sərhədçi”yə uduzaraq şərik liderliyi əldən verməsinin əvəzini çıxmaq barədə düşünməlidi. Amma bu turda “Sərhədçi”yə çatmaq çətin olacaq. Çünki “Sərhədçi”ni hələ də xal sevinci dadmamış “Xəzər”lə oyun gösləyir. 3-cü yerdə qərarlaşmış “Embawood” isə onuncu, yəni sonuncu “Atilla”nı sınağa çəkəcək. Əgər buna sınaq demək olarsa. Çünki hər iki qarşılaşmada birincilər favorit sayılırlar və heç bir fövqəladə hal baş verməzsə aktivlərinə növbəti 3 xallarını yazacaqlar. Turnir cədvəlinin ortalarında qərarlaşmış “Elite” və “Zəfər” komandaları arasında oyun, həmçinin turun ilk, “Şamaxı” – “Omar” matçı da maraqla gözlənilənlərdəndir. Oyunlar Binə Atçılıq Mərkəzində keçiriləcək.

