IqtisadiyyatSağlamlıqSosialTəqdimat

“PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabının və “CPT Coach” Mobil Tətbiqin təqdimat mərasimi keçirilib

ABŞ və Azərbaycanda  qeydiyyatdan keçmiş For Azerbaijan Beynəlxalq təşkilatının Paşa Sığortanın maliyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirdiyi “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsi çərçivəsində “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabının və “CPT Coach” Mobil Tətbiqin  təqdimat mərasimi keçirilib. 

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, “For Azerbaijanın”nın qurucu üzvü Ülviyyə Zeynalova-Boçkin, PAŞA Sığorta Şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov iştirak ediblər. Tədbirdə çıxış edənlər layihənin vacibliyini, Azərbaycanda ilk dəfə tətbiq olunan yeni müalicə növlərinin effektivliyini, layihə nəticələrinin dövlət və elmi dairələr tərəfindən tətbiqinin perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. 

Xatırladaq ki, APRİA layihəsinin ümumi məqsədi yeni reabilitasiya metodlarının tətbiqi ilə Azərbaycanda psixoloji reabilitasiya proseslərinin gücləndirilməsinə dəstək verməkdir. Bu məqsədlə Psixoloji travmaya məruz qalmış insanların, müharibə iştirakçılarının, qazilərin, şəhid ailə üzvlərinin psixi sağlamlıqlarının reabilitasiyası istiqamətində daha effektli inkişafa nail olmaq üçün dünyada bu sahədə aparıcı  müalicə metodları araşdırılıb. Nəticədə ABŞ-da Post Travmatik Stress Pozuntusunun müalicəsində geniş istifadə olunan Koqnitiv İşlənmə Terapiyası (KİT) və Yazılı Ekspozisiya Terapiyası (YET) kimi 2 mühüm müalicə metodu üzrə Azərbaycanda yerli psixoloların hazırlanmasına başlanılıb. 

 ABŞ-da xüsusi seçimlərdən sonra layihə iştirakçısı adını qazanan 40 yerli psixoloq üçün Amerikalı mütəxəssislərin iştirakı ilə tam təlim kursu təşkil edilib. Təlimləri uğurla başa vurmuş psixoloqlarımız beynəlxalq sertifikatlara layiq görülərək adları https://cptforptsd.com portalına daxil edilib. Təlimlərlə paralel olaraq 100-ə yaxın posttravmatik stress pozuntudan əziyyət çəkən qazi terapiayalara cəlb olunmuş və nəticədə psixoloji simptomların sağalması, cəmiyətə integrasiyası, xəstəliyim simptomların azalması qeydə alınmışdır. 

Tədbirdə layihə çərçivəsində nəşr edilmiş Denise M.Sloan və Brian P.Marx-ın müəllif olduqları “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabı geniş ictimaiyyətə təqdim olunub. Kitab ABŞ-da Post Travmatik Stres Pozuntusu hallarında aparıcı müalicə üsuluna çevrilmiş Yazılı Ekspozisiya Terapiyası üzrə işləyən psixoloqlar üçün əsas təlimat vəsaiti kimi istifadə edilir. Layihə çərçivəsində daha bir kitab (PTSP hallarında Koqnitiv İşlənmə Terapiyası) isə yaxın zamanlarda nəşr etdiriləcək. 

Həmçinin, tədbirdə Koqnitiv İşlənmə Terapiyasında istifadə olunan Mobil Tətbiqin (CPT Coach) təqdimat mərasimi keçirilib. Tətbiq Koqnitiv İşlənmə Terapiyasının bir parçası olan “pasiyentlərin seans tapşırıqları”, “iş vərəqləri”nin mobil versiyaları, “PTSD simptomlarının monitorinqi” daxil olmaqla, müalicələrini idarə etməyə kömək olan materialları özündə ehtiva edir. Tətbiq bu sahədə psixoloqlarla pasiyentlər arasında daha effektiv müalicə prosessinə dəstək verir. 

2021-ci ildə ABŞ-da yaradılmış və Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş “For Azerbaijan” beynəlxalq xeyriyyə təşkilatı Azərbaycanda xeyriyyəçilik mədəniyyətinin inkişafı və bu sahədə yüksək standardların tətbiqindən ilham alaraq fəaliyyət göstərir.
Təşkilat dünyanın müxtəlif dövlətlərində uğurlu karyera qurmuş həmvətənlərimizin Vətəndən kənarda həmrəylik simvolunu təcəssüm etdirən birlikdir. 

50-ə yaxın peşəkar mütəxəssisin (qurucu üzvlərin) birləşərək ərsəyə gətirdiyi “For Azerbaijanın”nın məqsədi Azəbaycanda həssas ehtiyac qruplarına, xüsusilə də qazilərə və şəhid ailələrinə təsirli, dayanıqlı və miqyaslanabilən dəstəyin göstərilməsinə nail olmaqdır.

 “Yardım et, həyatlarda iz qoy” şüarı ilə yolunu davam etdirən “For Azerbaijan” cəmiyyətə töfhə vermək və gələcəyə miras qoymaq arzusunda olan fərdləri birləşdirir. https://forazerbaijan.org 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!