FutbolIdman

“Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub

Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası İtaliyanın “Roma” klubu ilə qarşılaşıb.

Frame.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyun qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

Portuqaliyalı baş hakim Artur Diasın idarə etdiyi qarşılaşmada hesab erkən qolla açılıb. Matçın 7-ci dəqiqəsində “Roma”nın futbolçuları künc zərbəsindən sonra hesabı açıblar. Lorenzo Pelleqrininin ötürməsindən sonra “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin səhvindən istifadə edən Kostas Manolas topu başla qapıdan keçirib – 0:1. Matçın 15-ci dəqiqəsində italiyalılar hesab arasındakı fərqi artırıblar. El Şaravinin ötürməsindən sonra topu sinəsi ilə ram edən Edin Dzeko dəqiq zərbə vuraraq hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.

Oyunun 28-ci dəqiqəsində “Qarabağ” komandası hesab arasındakı fərqi azaldıb. Pressinq edərək rəqib müdafiəçidən topu alan Dino Ndlovu komanda yoldaşı Pedro Enrikəyə ötürmə edib. Gözəl ötürmədən sonra qapıçı ilə təkbətək qalan Pedro Enrike dəqiq zərbə ilə “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu qapıdan keçirib – 1:2.

Oyunun ilk hissəsi bu hesabla başa çatıb.

Qarşılaşmanın ikinci hissəsinə daha fəal başlayan Ağdam təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Belə hücumların birində – matçın 50-ci dəqiqəsində Miçelin qüvvətli zərbəsi qapının üstündən keçib.

Üç dəqiqə sonra İbrahim Şehiç “Roma”nın futbolçusu Pelleqrininin güclü zərbəsini dəf edib.

Matçın 60-cı dəqiqəsində Bruno Peres “Qarabağ”ın qapıçısı ilə təkbətək çıxsa da, İbrahim Şehiç komandasını qoldan xilas edib.

Qarşılaşmanın 89-cu dəqiqəsində ağdamlıların növbəti təhlükəli hücumu zamanı Ansi Aqollinin ötürməsindən sonra Dino Ndlovunun başla zərbəsi qapı dirəyindən bir qədər aralı keçib. Bu, oyunda sonuncu təhlükəli qol vəziyyəti olub.

Beləliklə, “Qarabağ” – “Roma” oyunu italiyalıların minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:2.

Qeyd edək ki, bu oyun Azərbaycan futbolu tarixində ən çox biletin satıldığı qarşılaşmadır. Oyunla əlaqədar 67 mindən çox bilet satılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!