FutbolIdmanTəqdimatTəqdimat

“Qarabağ” “Nant”a böyük hesabla qalib gəldi

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.

G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda azarkeşlər qarşılaşma başlamamışdan əvvəl azarkeşlər Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Matçın 14-cü dəqiqəsində “Nant”ın futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. M.Simon 27-ci dəqiqədə “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə təkbətək çıxsa da, növbəti dəfə dueldən məğlub ayrılıb. “Qarabağ” birinci hissənin sonlarında hücumlarının kəsərini artırıb. 43-cü dəqiqədə Bədavi Hüseynov başla fərqlənməyə yaxın olsa da, rəqib qapıçı Alban Lyafon hesabın açılmasına imkan verməyib. Görüşün birinci hissəsində qapılara top vurulmayıb.

Azərbaycan çempionu ikinci hissəyə daha fəal başlayıb. Matçın 60-cı dəqiqəsində Ağdam təmsilçisinin 25 yaşlı qanalı hücumçusu Kvabena Ovusu hesabı açmağa müvəffəq olub. Beş dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 72-ci dəqiqəsində Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları məyus edib. “Nant” sonrakı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çalışsa da, istəyinə çata bilməyib.

Beləliklə, matç “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 6-da səfərdə “Olimpiakos”a qarşı keçirəcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!