“Qardaşlıq dastanı”nın dünya turu
Serhat Turakın bədii rəhbərliyi, “Alagöz Kültür Sanat”ın istehsalı və “Umya Az” MMC-nin (Umya Medya-Türkiyə) rəsmi təşkilatçılığı ilə gerçəkləşən “Qardaşlıq dastanı” teatral rəqs nümayişi layihəsi dünyada təqdim olunacaq.
Bununla bağlı oktyabrın 25-də Bakı Yunus Əmrə İnstitutunda keçirilən mətbuat konfransında bildirilib. İlk olaraq Bakı və Gəncə şəhərlərində nümayişinə başlanan bu sənət əsəri türk xalqlarının ortaq mədəniyyətinin bir təzahürüdür.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç bildirib ki, “Qardaşlıq dastanı” 6 illik araşdırma və 18 aylıq səhnə məşqlərindən sonra 100-dən çox türkiyəli və azərbaycanlı rəqqas və teatr aktyorunun zəhməti ilə səhnələşdirilən möhtəşəm tarixi epik sənət əsəridir. Əsərdə eramızdan 2 min il öncə cərəyan edən qədim türk, Azərbaycan tarixi və mifologiyası, Nuh tufanından başlamış Qarabağ savaşına qədər geniş zaman kəsiyini əhatə edən, Anadolu və Qafqaz xalqlarının amansız mübarizəsi, həmrəyliyi, həyat sevgisi, sevinc və kədəri, bir sözlə Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz qardaşlığından bəhs edilir.
Bildirib ki, “Qardaşlıq dastanı” layihəsi 2 pərdə və 12 səhnədən ibarətdir. Film-tamaşa ilk dəfə 2021-ci ildə Türkiyədə səhnəyə qoyulub və İstanbul, Ankara, İzmir, Konya və ölkənin bir çox böyük şəhərlərdə nümayiş edilib.
“Umya Medya” va “Umya Az”ın rəsmi təşkilatçılığı ilə bu ilin sonu dünya turuna çıxacaq ansamblın ilk dayanacağı Azərbaycan olacaq. Azərbaycandan sonra Almaniya, Şimali Avropa, Meksika, Özbəkistan, Qazaxıstan, Misir, Qətər, Çin və digər ölkələrdə turlarını 2023-cü ilin sonuna qədər davam etdirəcək. “Qardaşlıq dastanı” layihəsi dünyanın 100-dən çox ölkəsində Azərbaycan və Türkiyənin qardaşlığını, iki ölkənin zəngin mədəni irsini və tarixini sənət yolu ilə dünya xalqlarına tanıtmaq, həmçinin Azərbaycan və Türkiyəyə gələcək turistlərin sayını artırmaqla bu iki ölkənin turizm iqtisadiyyatına töhfə vermək məqsədi daşıyır”, – deyə Səlçuk Karakılıç əlavə edib.
Layihənin texniki tərəfi və məqsədi barədə danışan “Umya Medya” şirkətin baş meneceri Valeh Əlizadə bildirib ki, dünyada kino sənayesinin liderləri olan Qərb ölkələri öz mədəniyyətini tanıtmaqla külli miqdarda vəsait qazanırlar. Türkiyə, Azərbaycan bu mənada Qərb dünyasından geri qalır: “Məqsədimiz ortaq media qurmaqla özümüzü dünyaya tanıtmaqdır. Buna görə də əsərin dünya turunu Azərbaycandan başlamağa qərar verdik. Biz hər bir qarşılıqlı səhnələrdə bir tərəfdən Nizami Gəncəvini digər tərəfdən Mövlana Cəlaləddin Rumini tanıtmağa çalışırıq. Hər bir 10 dəqiqəlik səhnələrdə biz vacib mesajları ötürməyə çalışırıq. Çünki insanlar qalın kitablar oxumadığı üçün ekranda göstərilən səhnələrə baxmağa üstünlük verir. Bu, həm böyük, həm də azyaşlı uşaqlar tərəfindən izlənilə bilər”.
Bildirib ki, layihə siyasi deyil, daha çox ortaq türk mədəniyyətini tanıtmaq məqsədi daşıyır: “Məqsədimiz türk xalqları arasında mədəni köpü yaratmaq, həm də onları mədəni müstəviyə çıxartmaqdır. Filmdəki bəzi səhnələr ölkələrə görə dəyişəcək. Azərbaycan üçün hazırlanan film-tamaşada Nuru Paşanın ötən əsrin əvvəllərində bolşevik-daşnak qüvvələrinə qarşı mübarizəsi, Heydər Əliyev və Atatürk qardaş ölkələrin böyük liderləri kimi təqdim edilir”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun dəstək verdiyi bu layihə ilk çıxışını dekabrın 20-21-22-də Bakıda, Heydər Əliyev Sarayında, dekabrın 17-18-də isə Gəncə Dövlət Filarmoniyasında gerçəkləşdirəcək.