Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
Mayın 15-də “InterFood 2024” Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində “Qızıl şah” Milli Kulinariya Çempionatına start verilib.
Üç gün davam edəcək çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının tərəfdaşlığı (“Wordlchefs”) ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunur.
2019-cu ildən etibarən keçirilən çempionatda ümumilikdə 170-dən çox yerli, 25-dən çox əcnəbi aşpaz individual və komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edir. İştirakçılar “Worldchefs”-ə üzv olan 22-dən çox ölkəni təmsil edən beynəlxalq sertifikatlı hakimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Çempionatın keçirilməsində əsas məqsəd ümumilikdə qastronomiyanın inkişafına töhfə verməklə, qastroturizm potensialının genişləndirilməsi, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişafı etdirilməsini, eləcə də milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir.
Qeyd edək ki, “Qızıl şah” Milli Kulinariya Çempionatı, həmçinin “Wordlchefs”-lə birgə təşkil edilən “Gold Shah” kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququ əldə edib. Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası (“Wordlchefs”) tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi “Qızıl şah” Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb. Həmçinin beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.