SosialTəqdimatƏn SonƏn Son

Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.

Nazirlikdən Frame.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun olaraq, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib.

Qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq.

Qurbanlıqların kəsimi islami qaydalara uyğun həyata keçiriləcək. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalara ən yüksək səviyyədə riayət olunacaq, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərəcək. Həmçinin məntəqələrdə sabun və əl-üz yuma stansiyaları, dezinfeksiya dispenserləri quraşdırılacaq. Vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək.

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq, 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər.

Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək.

Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.

Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər.

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:

1. Nizami rayonu, Rizvan Teymurov küç., 21;

2. Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı;

3. Nəsimi rayonu, 20 Yanvar küç., 243;

4. Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küç., 41;

5. Binəqədi rayonu, Kazımovski, 138B;

6. Xətai rayonu, Məhəmməd Hadı küç., KATV1-in yanı;

7. Xətai rayonu, Gəncə pr., 148A, “Xəzər” univermağının yanı;

8. Xətai rayonu, Lütfizadə küçəsi (“Grand” marketin yanı);

9. Suraxanı rayonu, Sakit Qocayev küç., 90;

10. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı).

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!