Rusiya İnformasiya Mədəniyyət Mərkəzi ilə Beynəlxalq Muğam Mərkəzi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb

Rusiyalı bayan ifaçısı Beynəlxalq Muğam Mərkəzində çıxış edib

Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Frame.az xəbər verir ki, qurumun direktoru, Xalq artisti Murad Hüseynov imzalanan memorandumun əhəmiyyətini vurğulayıb. O deyib: “Bu gün Muğam Mərkəzində Rusiyanın tanınmış bayan ustası çıxış edəcək. BMM öz fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verir. Pandemiyadan əvvəl BMM bir neçə böyük layihələrə imza atıb. Rusiya, Fransa, İspaniya, Yaponiya, Portuqaliya və digər ölkələrdən olan musiqiçilər Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edib. Bu gün imzaladığımız memorandum əsasında isə Rusiyadan dəyərli musiqi kollektivlərini Bakıya dəvət edəcəyik”.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov deyib: “Mərkəzə rəhbərlik etdiyim müddətdə Bakıda imzaladığım ilk sazişdir. Çox şadam ki, ilk olaraq belə bir sənədi məhz Beynəlxalq Muğam Mərkəzi ilə imzaladım. BMM konsert və digər tədbirlər keçirmək üçün olduqca gözəl məkandır. Düşünürəm ki, gələcəkdə Rusiya ifaçılarının çıxışlarını nəinki Beynəlxalq Muğam Mərkəzində, həm də Bakının digər konsert salonlarında təşkil etmək olar. Bu bizim ilk tədbirimizdir. Azərbaycanla Rusiyanı uzun illərin mədəni əlaqələri birləşdirir. Çalışacağıq rusiyalı ifaçıları, kamera orkestrləri və digər musiqi kollektivlərini BMM-ə dəvət edək”.

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən bayan ifaçısı Aydar Salahov deyib: “Bakıya səfər etdiyim üçün çox şadam. Mən Azərbaycan musiqisini Müslüm Maqomayevin ifasından sevmişəm. Bu gün məşq zamanı Azərbaycan tarını öz musiqimizlə sintez etməyə çalışdıq və çox təəccübləndik. Mən burada olan musiqi alətlərini heç yerdə görməmişdim. Tar çox universal bir musiqi alətidir. Tarda caz da ifa etmək olar”.

Sonra rusiyalı ifaçıların konserti proqramı təqdim edilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: