“Şahdağ” Turizm Mərkəzi beynəlxalq konfransda iştirak edir
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi Avstriyanın İnnsbruk şəhərində keçirilən “İnteralpin” dağ texnologiyaları üzrə beynəlxalq ticarət sərgisində iştirak edir.
Nazirlikdən bildirilib ki, ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Ruslan Abduləlimov, “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, mərkəzin nümayəndələri Elxan Şinqayev və Elvin Mamıyev təmsil edirlər.
Avstriya İqtisadiyyat Palatasının təşkilatçılığı ilə sərgidən əvvəl Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, İslandiya, Fransa, Danimarka, İsveç, Kanada, Çili, Yaponiya, Koreya Respublikası və Çinin dağ-xizəkçilik sahəsi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələrinin daha səmərəli məlumat mübadiləsi və müzakirələr aparması üçün ikitərəfli görüşlər təşkil edilib. Görüşlər çərçivəsində Avstriyanın bu sahədə ən qabaqcıl şirkətlərinin rəhbərləri və nümayəndələri ilə fikir mübadiləsi aparılıb, “Şahdağ” Turizm Mərkəzinin timsalında Azərbaycanda dağ-xizək turizminin inkişaf istiqamətləri barəsində məlumat verilib.
Tədbirin ikinci və əsas hissəsi aprelin 28-dək keçiriləcək sərgi ilə davam edəcək.
Qeyd edək ki, sərgi dünyanın qış idman növləri, kanat yolları, qar generatorları, dağlıq ərazilərdə təhlükəsizlik və xilasetmə xidmətləri üzrə ən müasir texnologiya və avadanlıqların təqdim olunduğu ən böyük və mühüm sərgilərindən biri hesab olunur. Ənənəvi olaraq 1974-cü ildən bəri təşkil olunan sərgidə mütəxəssislər tərəfindən texnoloji yeniliklərlə yanaşı, nəqliyyat, xizəkçilik mərkəzlərinin dayanıqlı inkişafı və idarəedilməsi, qış idman növlərinin təbliğatı vasitələri, dağ-xizək və qış avadanlıqlarının yay fəslində istifadəsi, xizək mərkəzlərinin yay mövsümündə də fəaliyyəti haqqında yeni layihələr təqdim olunaraq, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.