Şahmatçıların futbol matçında 14 qol vurulub
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları futbol matçında meydana çıxıb.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, FIDE rəsmiləri Berik Balqabayev, Viorel Boloqan, Dana Reizneçe-Ozola və digərləri futbol oyununda iştirak edib.
Yoldaşlıq görüşündə FIDE və Azərbaycan Şahmat Federasiyasının birgə kollektivi şahmatçılardan ibarət komandaya qarşı mübarizə aparıb. Hər biri 30 dəqiqə olmaqla iki hissədən ibarət oyunun yekununda şahmatçılar 8:6 hesablı qələbə qazanıb.
Qalib komandaya kubok təqdim olunub.