“Şirvan-Kürdəmir” Futbol Klubu fəaliyyətini bərpa edib

“Şirvan – Kürdəmir” Futbol Klubu 1987-ci ildə Kürdəmir şəhərində yaradılıb və 1990-cı ildən rəsmi olaraq fəaliyyətə başlayıb. Klubun Stadionu 5 min nəfərlikdir. Klub əvvəl Azərbaycan Milli SSR Çempionatında,1992-ci ildə isə Azərbaycan Güclülər Dəstəsində iştirak edib. “Şirvan – Kürdəmir” Futbol Klubu Dağlıq Qarabağ münaqişəsi səbəbilə 1993-cü ildə fəaliyyətini məcburi olaraq dayandırıb.

Futbol Klubunun yaradılmasında məqsəd nəinki Kürdəmirdə, o cümlədən, Şirvan bölgəsində futbolun təbliğ edilməsi, gənclərdə və yeniyetmələrdə futbola marağın artırılması olub. “Şirvan – Kürdəmir” Futbol Klubunun ən ali məqsədlərindən biri xüsusilə regionlarda yaşayan istedadlı futbolçuları bir araya gətirmək və Kürdəmiri – ümumən Şirvan regionunu futbol çempionatlarında təmsil etmək olub. Kürdəmir rayonunun 7 rayon ilə həmsərhəd olması və “Şirvan – Kürdəmir” adı altında Şirvan bölgəsini təmsil etməsi onun geniş azarkeş auditoriyası əldə edəcəyinə şübhə yaratmır.

“Şirvan – Kürdəmir” Futbol Klubundan bildirilib ki, Hələ 1992-ci ildə Klub Azərbaycan Güclülər Dəstəsində çıxış edəndə ona maraq yüksək olub və hətta oyunları izləmək üçün digər bölgələrdən Kürdəmirə axın olub. Klub öz fəaliyyətinə yenidən davam edəcəyi halda ilk olaraq “Region Liqası”nda çıxış etməyi planlaşdırır. Bununla əlaqədar “Region Liqası”na müraciət olunub və iştirakla bağlı müsbət cavab əldə edilib. Hazırda “Region Liqası” həm yeni fəaliyyətə başlayacaq futbol klubları üçün, həm də sözügedən klubların sponsorları üçün öz məqsədlərini həyata keçirmək baxımından ən əlverişli futbol tədbiridir. Qeyd etmək lazımdır ki, “Region Liqası” həvəskar futbol klublarının çıxış etdiyi və AFFA tərəfindən hər il təşkil edilən ən yüksək futbol layihəsidir. Sözügedən layihə hazırda yüksək reytinqə malikdir. Hər həftə keçirilən futbol yarışlarında stadionlara gələn azarkeş sayı, sosial şəbəkə və saytlarda liqanı təqib edən şəxslərin sayı gözlənilməz dərəcədə yüksəkdir. Bununla yanaşı “Region Liqası”nda baş tutacaq hər bir oyun idman mediası tərəfindən operativ olaraq işıqlandırılmaqdadır. Azərbaycanda futbola böyük dövlət qayğısı mövcuddur: “Bildiyiniz kimi, futbola dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə maraqlarını yüksəltmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb”.

Ölkəmizdə ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi və ənənələri var. Məmnunluq hissi ilə qeyd edirik ki, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə maraqlarını yüksəltmək məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə futbolun inkişafına dair Dövlət Proqramı təsdiq edilib.

Qeyd edilib ki, məhz bu məqsədləri rəhbər tutaraq cari ildə “Şirvan- Kürdəmir ” futbol klubunun bərpası həyata keçirilir.

“Şirvan – Kürdəmir” Futbol Klubu ona göstərilən etimadı doğrulmaqla yanaşı, cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiq edilməsi, ölkə futbolunun inkişaf səviyyəsinin yüksəldilməsi, peşəkar futbolçuların hazırlanması istiqamətində xidmətlər göstərəcək və bu prosesdə yaxından iştirak edəcəkdir”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: