EventsMədəniyyətTeatrTəqdimat

Muğam Mərkəzində Cəlil Məmmədquluzadənin məşhur əsəri tamaşaya qoyuldu

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin  əsəri əsasında “Danabaşlar” tamaşası nümayiş olunub.
Tədbir  Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində  həyata  keçirilib.
Tamaşanın quruluşçu rejissoru kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə, kursun səhnə danışığı müəllimi dosent Nadir Hüseynovdur.
 “Danabaşlar” tamaşası Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanmış, səhnənin mərkəzində qara örtü ilə örtülən kitab isə müəllifin “Anamın kitabı” əsərini simvolizə edirdi.
Səhnələşdirmə, çox təəssüf ki, bu gün də öz aktuallığını saxlayır. Belə ki, Mirzə Cəlildən bu yana novruzəlilərin avamlığını, kor-koranə itaətini, məmmədhəsənlərin mövhumatını, xudayarların zülmü-istismarını, qazilərin, şeyx nəsrullahların uydurma fitvaları ilə avtoritetini saxlamasını, şəriəti rəzilliklərinə vasitə etməsini  inkişaf etmiş, müasir  texnologiyalara yiyələnən orta statistik azərbaycanlının həyatında hələ də görmək olar. Tamaşa qəmli komediya janrında hazırlanmışdı. Bu  janr təyinini  Mirzə Cəlilin bütün yaradıcılığına şamil etmək olar. Çünki ömrünün sonuna qədər qələmi istehzalı, gözü isə yaşlı olan Mirzə Cəlil son günlərini də tragikomik bir vəziyyətdə, əlyazmalarını sobada yandırıb istisinə qızınaraq keçirib.
Tamaşada obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri  tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Tədbirin sonunda tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yaqut Paşazadə bütün iştirakçılara təşəkkürünü bildirərək, Muğam Mərkəzinin rəhbərliyinə yeni nəslə verdikləri dəstəyə görə minnətdarlığını bildirmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!