Azərbaycan üçün hazırlanmış Fəal Yaşlanma indeksinin təqdimatı keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində Azərbaycan üçün tərtib edilmiş Fəal Yaşlanma indeksinin təqdimatı keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Maliyyə və Səhiyyə nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin Sosial Tədqiqatlar Mərkəzinin və BMT-nin Əhali Fondunun (UNFPA) nümayəndələri iştirak edib.

Təqdimatı UNFPA tərəfindən layihəyə cəlb olunmuş beynəlxalq ekspert – Böyük Britaniyanın Oksford Universitetinin tədqiqatçısı, professor Asghar Zaidi edib.

Məlumat verilib ki, Fəal Yaşlanma indeksi Azərbaycanda yaşlı insanların fəal və sağlam yaşlanma potensialını qiymətləndirmək və ölçmək üçün tətbiq edilən demoqrafik alətdir. Bu indeks əhalinin yaşlı təbəqəsinin bütövlükdə cəmiyyətin həyatında iştirakçılığının səviyyəsi ilə bağlı mənzərəni təqdim edir. Ahıl şəxslərin sağlam olmaları və fəal həyat tərzi onların cəmiyyətə töhfə vermək imkanlarını da artırır.

Tədbirdə Azərbaycanın Fəal Yaşlanma indeksi ilə bağlı beynəlxalq ekspertlərin hazırladığı hesabat da təqdim olunub. Avropa İttifaqı ölkələri, Çin və Cənubi Koreyanın analoji təcrübələri ilə müqayisəli şəkildə hazırlanan hesabatda ekspertlərin indeksin fəaliyyətinin təmin edilməsi ilə bağlı tövsiyələri də yer alıb.

Tədbirdən sonra indeksin hesablanmasında iştirak edəcək aidiyyatı qurumların nümayəndələri üçün təlim keçirilib. İştirakçılara Fəal Yaşlanma indeksinin hesablanması və istifadəsi ilə bağlı metodologiyaya dair zəruri məlumatlar verilib. Bildirilib ki, indeksin işlək olması üçün tələb olunan başlıca amil onun hesablanmasında istifadə olunan demoqrafik məlumatların əlçatanlılığıdır. Bu məqsədlə yaşlı əhali qrupları arasında mütəmadi olaraq müvafiq sorğular aparılmalı və beləliklə Fəal Yaşlanma indeksinin meyarlarına uyğun şəkildə lazımi məlumatların vaxtlı-vaxtında mövcudluğu təmin edilməlidir. Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

“Fəal Yaşlanma” layihəsi haqda:

“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklyuziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində Fəal Yaşlanma İndeksinin hazırlanması, fəal yaşlanma mövzusunda ictimai məlumatlılığın artırılması və təşviqat işlərinin aparılması, eləcə də müştərək yanaşmaya əsaslanan sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn müvafiq tədbirlərin pilot qaydada sınaqdan keçirilməsi üzrə bir-biri ilə sıx əlaqəli olan bir sıra fəaliyyətlər həyata keçirilir. Layihə 65 və daha yuxarı yaş kateqoriyasına aid şəxsləri əhatə edir.

2019-2021-ci illəri əhatə edən layihə Dövlət Statistika Komitəsi,  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: