Tahir Amiraslanovun «Кухня Любви» kitabının təqdimatı keçirildi
21.05.2018 tarixində 1 nömreli Bakı Tibb Kollecində Tahir Amiraslanovun «Кухня Любви» kitabının təqdimatı keçirildi.Tibb elmləri doktoru professor, 1saylı tibb kollecinin direktoru Nəriman Mövsümov, “Xidmət-İş” Hİ Federasiyasının vitse – prezidenti Xəyyam Nəsibov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun aparıcı məsləhətçisi Elgün Əliyev, Pronto şirkətinin rəhbəri Yusif Ələkbərov, Azərbaycan İqtisad Universiteti Qida Məhsullarının Texnologiyası fakültəsi Kafedra müdiri: bio.f.d., dos. Mehriban xanım Məhərrəmova, Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov, keçmiş dövr tədqiqatçısı Firudin Kərimov çıxış edərək kitab haqqında öz fikirlərini bildirdilər.
Kitaba ön sözü Azərbaycan Tibb Universiteti, Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent, Respublikanın əməkdar müəllimi İbrahim Əhmədov, giriş hissəsi Tibb elmləri doktoru professor, 1saylı tibb kollecinin direktoru Nəriman Mövsümov tərəfindən yazılıb. Üz qabığında şəkillər rəssam Lalə Ağayevaya məxsusdur.
Bu maraqlı əsər müəllifin oxucuya müraciəti ilə başlayır və kitabın sevib-sevilənlər, ailə təməli qoymağa hazırlaşanlar və ailəlilər üçün nəzərdə tutulduğunu bildirir. Kitab dərin fəlsəfi baxışlara əsaslanmaqla sevginin-eşqin aliliyini, insanın həyata-yaşamağa məhəbbətinin eyni zamanda onun həyati proseslərinin normal, rəvan və şux gedişində başlıca rol oynayan rasional qidalanmanın vəhdətini əks etdirir.
Müəllif kitabda qidalanmanın fiziologiyasının dərin incəliklərini həm tibbi, həm də fəlsəfi yanaşmalarla kifayət qədər ətraflı və asan anlaşılan dildə şərh etmişdir. Müəllif əsərdə mətbəxə və intim həyata qədim və müasir elmi, dini, fəlsəfi yanaşmaları, milli adət ənənələri əsas götürməklə dərin təhlillər vermişdir.
Kitabda ayrı-ayrı həyati vacib qida maddələrinin (zülallar, lipidlər, karbohidratlar, vitaminlər, mineral maddələr) orqanizm üçün əhəmiyyətləri, mənbələri, məhsullar və xörəklərin kulinariya emal qaydalarından asılı olaraq onların bədənə xeyri və düzgün aparılmayan kulinar emal nəticəsində mövcud ola biləcək təhlükələri müəllif tərəfindən ətraflı şərh edilmişdir. Kitabda bu energetik və bioloji fəal qida komponentlərinin bədəndə gedən bioloji, biokimyəvi, hormonal proseslərin normal gedişi, yaşamaq, inkişaf etmək, nəsli qorumaq-davam etdirmək, sağlamlıq və uzunömürlülük, sağlam təfəkkür, həyat eşqi-intim münasibətlər üçün əhəmiyyəti öz əksini tapmışdır.
Qidaya təkcə yaşamaq üçün insanın qida maddələrinə və enerjiyə olan bioloji tələbatını ödəyən amil kimi baxılmamalıdır. Əsərdə sevgi-intim münasibətlə mətbəxin bir-birini tamamlaması dərin elmi-tibbi müddəalarla təsdiqlənməklə öz əksini tapmışdır. Müəllif seksologiya və dietologiyanın nəinki tibbi, eləcə də etik, estetik, psixoloji, fəlsəfi, dini, tarixi vəhdətini göstərə bilmişdir. Kitabdan nəinki istənilən peşə sahibi olan oxucular, o cümlədən həkim dietoloqlar, seksopatoloqlar, fizioloqlar, qidalanma elmi sahəsində çalışan mütəxəssislər də bəhrələnə bilərlər.
Frame.az