Tvininq layihəsinin aralıq hesabatının təqdimatı keçirilib
Sentyabrın 14-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (Mərhələ 2)” tvininq layihəsinin aralıq hesabatı ilə bağlı konfrans keçirilib.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2022-ci ilin iyul ayından həyata keçirilməyə başlanan layihənin məqsədindən danışıb. O bildirib ki, 2 ili əhatə edən layihə icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və əlçatanlığının artırılmasına xidmət edir. Diqqətə çatdırıb ki, layihə çərçivəsində Avropa İttifaqına üzv olan ölkələrin bu sahədə ən yaxşı təcrübələri öyrənilərək ölkəmizdə tətbiq olunacaq.
Layihənin tərəfdaşı kimi Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun baş icraçı direktoru, layihə rəhbəri Gintaras Kasaviçus və Agentliyin Hüquq departamentinin rəhbəri Aysel İbayeva layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, layihə vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına və ölkədə səhiyyənin daha da təkmilləşdirilməsinə xidmət edir.
Tədbirdə həmçinin Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin aidiyyəti departamentlərinin rəhbərləri, Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun əməkdaşları və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tvininq layihəsi benefisiar ölkəni təmsil edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Avropa İttifaqına üzv dövlət qismində Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondu tərəfindən həyata keçirilir.