FutbolIdman

UEFA Çempionlar Liqasının dörddəbir finalçıları məlum olub

Avqustun 8-də UEFA Çempionlar Liqasının 2019-2020-ci mövsümünün səkkizdəbir final mərhələsi yekunlaşıb.

Frame.az xəbər verir ki, mərhələnin son oyun günündə iki qarşılaşma oynanılıb.

“Barselona” öz meydanında “Napoli” klubunu qəbul edib. İlk oyunda səfərdə 1:1 hesabı ilə heç-heçə edən kataloniyalılar öz meydanında inamlı qələbə qazanıblar – 3:1.

Oyunda hesabı meydan sahibləri açıb. Klement Lenqlet adını tabloya yazdırıb. Qoldan 13 dəqiqə sonra “Barselona” ikinci dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Lionel Messi fərqlənib. Birinci hissənin son dəqiqələrində meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıb. Luis Suares hakimin təyin etdiyi 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu da birinci hissədə son qol olmayıb. Baş hakim bu dəfə penalti zərbəsini “Barselona”nın qapısına təyin edib.

“Napoli”nin futbolçusu Lorenzo İnsinya şansı əldən verməyib.

İkinci hissədə hər iki komandanın qol vurmaq şansı olsa da, hesab dəyişməyib.

Günün digər oyununda Almaniyanın “Bavariya” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edib.

Görüş Münxen təmsilçisinin 4:1 hesabı ilə qələbəsi ilə başa çatıb.

“Bavariya”nın heyətində Robert Levandovskiy (2), İvan Perişiç və Korentin Tolisso fərqləniblər. “Çelsi”nin təsəlli qoluna Tammi Abraham imza atıb.

Bu komandaların İngiltərədə ilk oyunu “Bavariya”nın böyük hesablı qələbəsi ilə başa çatmışdı – 5:0.

Beləliklə, dörddəbir finalda Atalanta” (İtaliya) – “Paris Sen-Jermen” (Fransa), “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya), “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) qarşılaşmaları baş tutacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!