UEFA Çempionlar Liqasının qrup mərhələsinə sonuncu beş vəsiqənin sahibləri müəyyənləşib
Avqustun 23-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Frame.az xəbər verir ki, gün ərzində pley-off mərhələsinin sonuncu beş cavab qarşılaşması oynanılıb.
Bakıda keçirdiyi ev oyununda Danimarkanın “Kopenhagen” klubunu 1:0 hesabı ilə məğlub edən Ağdamın “Qarabağ” komandası səfərdə sərfəli 1:2 hesabı ilə uduzub. “Qarabağ” iki oyunun nəticəsinə əsasən qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb. Bununla da “Qarabağ” Azərbaycanın futbol tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.
İngiltərənin “Liverpul” komandası səfərdə 2:1 hesabı ilə məğlub etdiyi “Hoffenhaym” (Almaniya) klubuna doğma meydanda da qalib gəlib – 4:2.
Rumıniyanın “Styaua” komandası Portuqaliyada “Sportinq” ilə görüşdə qolsuz heç-heçəyə nail olsa da, doğma meydanda 1:5 hesabı ilə böyük hesablı məğlubiyyətlə üzləşib.
Ev oyununda “Slaviya” (Çexiya) komandasının qapısından iki cavabsız top keçirən Kiprin APOEL klubu səfər qarşılaşmasında 0:0 hesablı nəticəyə nail olaraq, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.
Rusiyanın “MOİK” komandası isə ev oyununda “Yanq Boyz” (İsveçrə) klubuna 2:0 hesabı ilə qalib gəlib. İlk oyunda da minimal hesabla qələbə qazanan Rusiya təmsilçisi qrup mərhələsinə yüksəlib.
Bununla da UEFA Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin püşkatma mərasimi avqustun 24-də Monakoda keçiriləcək.