IqtisadiyyatTurizmTəqdimat

UNESCO ilə turizm sahəsində əlaqələrin inkişafı müzakirə olunub

UNESCO ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları iyunun 25-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə Fuad Nağıyev Agentliyin fəaliyyəti, Azərbaycanda turizm sahəsində həyata keçirilən layihələr, eləcə də mədəni irsin qorunması istiqamətində aparılan işlər barədə məlumat verib.

O, Azərbaycanın UNESCO-nun mədəni irs siyahısında yer alan mədəni və tarixi nümunələrinin təbliği ilə bağlı əməkdaşlığın artırılmasının, həmçinin turizm sahəsində təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Agentlik sədri Azərbaycanın İpək Yolu boyunca  məxsus olduğu zəngin ticarət və mədəni mübadilə irsinin regionu mühüm turizm məkanına çevirmək potensialına sahib olduğunu vurğulayıb.

Xanım Qabriela Ramos UNESCO və Azərbaycanın İpək Yolu boyunca ortaq mirasın tanıdılması və istifadəsi yolu ilə mədəniyyətlərarası dialoq və mədəni turizmin inkişafında qarşılıqlı maraqlara sahib olduğunu bildirib.

Görüş zamanı bu istiqamətdə qarşılıqlı fəaliyyət çərçivəsində yeni layihənin işlənməsi üzrə planlar müzakirə olunub.

Qeyd olunub ki, layihə müxtəlif İpək Yolu ölkələrinin iştirakı ilə mədəni irs və mədəni turizm elementlərindən ibarət tədbirlər toplusundan ibarət olacaq.

Görüşdə, həmçinin yeni layihənin məzmununun işlənib hazırlanması məqsədilə tezliklə imzalanacaq niyyət sənədinin şərtləri və atılacaq ilk addımlar haqqında fikir mübadiləsi aparılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!