Vətən müharibəsinin daha bir qazisi yüksək texnologiyalı protezlə təmin edilir
Vətən müharibəsində yaralanmış Seyidəkbər Xalıqov yüksək texnologiyalı protezlə təmin edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Frame.az-a bildiriblər ki, qazinin anası işlə təmin edilib, özü, qardaşı və atası kiçik biznes sahələrini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunublar.
Nazirliyin əməkdaşları Vətən müharibəsində yaralanmış Seyidəkbər Vaqif oğlu Xalıqov (Bakının Sabunçu rayonu) və ailəsi ilə görüşüblər.
Qazinin özü, valideynləri və biri azyaşlı olan iki qardaşından ibarət olan ailənin istəyi nəzərə alınmaqla, Seyidəkbərin anası ödənişli ictimai işlə təmin edilib. Atası çilingərlik, qazi özü və qardaşı isə şirniyyat istehsalı üzrə kiçik biznes sahələrini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunublar. Yaxın günlərdə proqramın dəstəyi olaraq onlara bütün lazımi avadanlıqlar veriləcək. Beləliklə, ailənin məşğulluq məsələsi həll olunub.
Müharibədə ağır yaralanaraq bir ayağı amputasiya olunmuş qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi də qərara alınıb.
Bununla bağlı olaraq, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Seyidəkbərin ilkin müayinəsi aparılıb. Ölçülər götürülüb, müvafiq təlimatlar verilib. Protezləşməyə hazırlıq prosesindən sonra qazi yüksək texnologiyalı protezlə təmin ediləcək.
Qaziyə əlillik təyin olunmaqla ona sığorta ödənişi, hər ay təqaüd və sosial müavinət də ödəniləcək.