Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət sərgi açılıb

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Kiçik ürəklərdə Zəfər rəngləri” adlı uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət sərgi açılıb.

Sərgidə əbədi, əzəli Azərbaycan torpaqlarını, Şuşa, Xudafərin körpüsü, üç rəngli bayrağımızı, xarıbülbülü, qəhrəman Azərbaycan əsgərlərini özündə əks etdirən 80-dən çox əsər nümayiş olunub.

Sərgi çərçivəsində 201, 144 nömrəli tam orta məktəbin, 43, 49 nömrəli liseyin, 3 və 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin, Zəngi liseyinin şagirdlərinin, Azərbaycan Gəncliyə Yardım Fondunun, İncəsənət Gimnaziyasının dərnək üzvlərinin rəsmləri və əl işləri nümayiş edilib.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova 44 günlük Zəfər tarixini tərənnüm edən istənilən layihənin vacib hesab etməklə yanaşı, Azərbaycan əsgərinin döyüş rəşadətinin gənc nəslə örnək olduğunu söyləyib. O qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq tarixdə əbədi izlər qoyacaq.

Tədbirin bədii hissəsində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri musiqi nömrələri ilə çıxış ediblər.

Sonda uşaqlara Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrında “Zəfər yolu” və “Sindbad” tamaşalarını izləmək üçün bilet hədiyyə olunub.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: