“YAŞAT” Fondunun türkiyəli və azərbaycanlı şəhid ailə üzvləri üçün reallaşdırdığı Naxçıvan səfəri başa çatıb
Cari ilin 21-24 avqust tarixində “YAŞAT” Fondunun təşkilatçılığı, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tərəfdaşlığı, “Nar”ın sponsorluğu ilə Naxçıvanda düşərgə keçirilib.
Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.
Düşərgə çərçivəsində 15-17 yaş aralığında 50-ə yaxın türkiyəli və azərbaycanlı şəhid ailə üzvü 4 gün ərzində Naxçıvan Muxtar Respublikasında bir araya gəliblər.
Proqram müddətində Batabat gölünə, Duzdağ şaxtalarına, Əcəmi Seyrangahı – açıq hava muzeyinə, Möminə Xatun türbəsinə və Naxçıvan Qalasına ekskursiyalar keçirilib. İştirakçılar üçün Ağbulaq istirahət mərkəzində kanat turu, Əlincə qalası və Əshabi-Kəhfə ziyarət reallaşdırılıb.
Düşərgə müddətində Ordubad rayonuna səfər olunub, Xan sarayı və digər tarixi yerlərə baş çəkilib. Həmçinin Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli şəhid övladları ilə görüşüb.
İştirakçılar üçün maraqlı və unudulmaz anlardan biri kimi Zəngəzur koridoru ilə tanışlıq olub.
Düşərgə həmçinin əyləncəli oyunlar, voleybol, futbol və film saatları ilə də yadda qalıb. Dörd şəhid övladının doğum günü də qeyd edilib.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin media dəstəkçisi : ASAN TV, ASAN Radio