Idman

Yelkənli İdman Federasiyasının kuboku sahiblərinə təqdim olunub

Sentyabrın 9-da Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) keçirdiyi yelkənli idmanın “Optimist” və “Lazer” sinfi üzrə Federasiya Kuboku qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Frame.az xəbər verir ki, AYİF-in xətti ilə Azərbaycanda fəaliyyətə başlayan beynəlxalq mütəxəssis Burcu Algon Giorgianni tədbirdə çıxış edərək bildirib ki, 2015-ci ildən başlayaraq Azərbaycanda yelkənli idmana marağın artırılması və idmançıların sayının çoxaldılması məqsədilə Yelkənli İdman Federasiyası tərəfindən səmərəli işlər həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində ölkəmizdə “lazer” və “optimist” sinifli qayıqlar üzrə yerli idmançılardan ibarət yığma komandalar formalaşıb. Qısa müddət ərzində beynəlxalq standartlara uyğun qayıqların alınması, müvafiq infrastrukturun yaradılması yerli və beynəlxalq səviyyəli yarışlarda iştirak etmək hüququ qazanmış idmançıların hazırlanması təmin edilib. Bildirilib ki, Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən federasiya qarşısında yelkənli idman növünün ölkəmizdə inkişafına nail olmaq, mövcud idman bazalarının təyinatı üzrə istifadəsini təmin etmək, xüsusilə də gənc nəsil arasında idmanın bu növünün kütləviliyinə nail olmaq başlıca vəzifə kimi qoyulub.

Sonra tədbirdə beynəlxalq mütəxəssis Burcu Algon Giorgianni, baş məşqçilər Seyhun Yıldız və Tuğçe Subaşı 15 gənc yelkənçiyə sertifikatlar təqdim ediblər.

Daha sonra Burcu Algon Giorgianni 2017-ci il ərzində yelkənçilərin beynəlxalq yarışlarda iştirakı barədə hesabatla çıxış edib. O qeyd edib ki, bu il Azərbaycanda 41 idmançı yelkən idmanını öyrənməyə başlayıb. Sentyabrın 8-də və 9-da AYİF tərəfindən hər il təşkil edilən Yelkənli İdman Federasiyasının kuboku uğrunda yarış keçirilib. Ciddi rəqabət və yüksək əhval-ruhiyyə şəraitində keçirilən ikigünlük yarışda idmançılar yelkənli qayıqları ilə 10 saata yaxın açıq dənizdə güclərini sınayıblar.

Tədbir çərçivəsində “Optimist” sinfi üzrə Federasiya Kuboku birinci yerə layiq görülmüş Murad Ağaverdiyə, yarışda ikinci və üçüncü olmuş Murad Hacızadəyə və İsmayıl Kərimova təqdim olunub. “Lazer” sinfində isə Federasiya Kuboku ilə yarışda yüksək nəticə göstərmiş Omar Hatim, ikinci və üçüncü yerin sahibləri Rafiq Orucov və Emin Vəlizadə təltif olunublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!