Baku City CircuitFormula 1Təqdimat

Yevgeni Kasperski Bakıda: nazirlərlə görüş və möhtəşəm“Formula-1” yarışları

“Kaspersky Lab” şirkətinin baş direktoru Yevgeni Kasperski 24-25 iyun tarixlərində Bakıda səfərdə olub. Azərbaycanpaytaxtında Yevgeni işgüzar görüşlər keçirib, həmçinin “Formula-1” Qran-pri yarışlarını izləyib.

Yevgeni öz səfərini belə şərh edib: “Biz aktiv şəkildə əməkdaşlıq etdiyimiz dövlət qurumları və biznes strukturların nümayəndələri ilə məhsuldar görüşlər keçirdik. Azərbaycanda hökümət nümayəndələrinin kibertəhlükəsizlik məsələsində və lazımi infrastruktur barədə bu qədər məlumatlı olmaları məni yaxşı mənada təəccübləndirdi. Bakıda keçirilən “Formula-1” yarışının səfərimin səbəblərindən olmasından məmnuniyyət duyuram. Bizim dəstəklədiyimiz “Scuderia Ferrari” komandası podiuma çıxa bilməsə də, yarış əla idi. Əminəm ki, gələn dəfə onlar uğur qazanacaq!”.

Səfər zamanı Yevgeni Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşüb. Onlar məktəb və ali təhsil qurumlarında kompüterlərin müdafiəsinin əhəmiyyətini, uşaqların internetdə təhlükəsizliyi və eyni zamanda, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. “Kaspersky Lab” şirkətinin verdiyi məlumata görə,Azərbaycanda uşaqlar kompüter arxasında keçirdikləri vaxtın 75%-ni sosial şəbəkələrə həsr edirlər, buna görə də məktəblilərin rəqəmsal savadlılığının yaxşılaşdırılmasına xüsusi diqqət ayrılmalıdır.

Səfər çərçivəsində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazirin müavini Elmir Vəlizadə, Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov və Yevgeni Kasperski informasiya təhlükəsizliyi sahəsində mövcud layihələri və onların mümkün inkişaf istiqamətlərini müzakirə ediblər. İştirakçılar, ilk növbədə, daha çox kiberhücum hədəfinə çevrilən infrastruktur və sənaye obyektlərinin təhslükəsizliyinin vacibliyi ilə bağlı ortaq məxrəcə gəliblər. Digər əhəmiyyətli iş istiqamətlərindən biri də ekspert təlimləri olub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya texnologiyaları və rabitə departamentinin rəhbəri İlham Aslanovla gələcək birgə işin istiqamətləri, eləcə də sənaye avtomatlaşdırılması sistemlərinin və təhsil proqramlarının müdafiəsi müzakirə edilib.

“Delta Telecom” şirkətinin Məlumat mərkəzi departamentinin rəhbəri Rüfət Talıbov və Yevgeni Kasperski mövcud layihələr və Azərbaycanda birgə işin perspektivləri barədə fikirlərini bölüşüblər.

“Yevgeni Kasperskinin səfəri onu göstərir ki, Azərbaycan bazarı “Kaspersky Lab” üçün nə qədər əhəmiyyətlidir. Keçirilən görüşlər nəticəsində biz gələcək əməkdaşlıq istiqamətlərini və layihələrin başlanğıc nöqtələrini müəyyənləşdirə bildik”,- deyə “Kaspersky Lab” şirkətinin Azərbacanda regional nümayəndəsi Müşviq Məmmədov bildirib.

“Kaspersky Lab” şirkəti 2010-cu ildən etibarən “Formula-1” yarışlarında “Scuderia Ferrari” komandasının sponsorudur. İki şirkətin əməkdaşlığı daim genişləndirilir. 2013-cü ildə “Ferrari” istehsal proseslərinin İT təhlükəsizliyini təmin etmək üçün “Kaspersky Lab” şirkətinin qabaqcıl kompleks həllini seçib. Bu razılaşma iki şirkət arasında olan əməkdaşlığının yeni mərhələsinin başlanğıcı idi. “Ferrari” şirkətinin informasiya sistemləri Maranellodaki əfsanə zavod kompleksindən başlayaraq finiş bayrağınadək olan bütün mərhələlərdə “Kaspersky Lab” şirkətinin həlləri ilə qorunur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!