Zəngilanda keçirilən növbəti ağacəkmə tədbiri zamanı 400-ə yaxın tut ağacı əkilib
Növbəti ağacəkmə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov Frame.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla 400-ə yaxın tut ağacı əkilib.
M.Səfərovun sözlərinə görə bu, Zəngilan rayonu ərazisində keçirilən ikinci əkin-bərpa tədbiridir, bundan əvvəl rayon ərazisində Şərq çinarları əkilmişdi: “Xatırladım ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlifcinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir”.