Əməkdar jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində noyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
İştirakçılar əvvəlcə Muğam Mərkəzinin foyesində Ə.İldırımoğlunun bədii-publisistik fəaliyyətinə aid dövri mətbuat materialları və yazıçının kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək yubilyarı təbrik edib, ona ən xoş arzularını çatdırıb. Əli İldırımoğlunun keçdiyi həyat yolunun gənc nəslə örnək olduğunu söyləyən nazir onun jurnalist kimi fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, gənc yaşlarından ölkəmizin müxtəlif bölgələrində çalışan Ə.İldırımoğlu sadə insanların həyat yolundan, problemlərindən yazmaqla onların böyük rəğbətini qazanıb.
Vurğulanıb ki, Qarabağ mövzusu yazıçının yaradıcılığında mühüm yer tutur. O, vətənə olan sonsuz sevgisini bütün əsərlərində tərənnüm edib. Bunlarla yanaşı, onun mühüm fəaliyyət istiqamətlərindən biri də Azərbaycan dilinin saflığının və təmizliyinin qorunmasına həsr olunub.
Tədbirdə görkəmli publisistin həyat və fəaliyyətindən söhbət gedərkən  qeyd olunub ki, o Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində dünyaya göz açıb. Əli İldırımoğlu (Məmişov) yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, iki hissəli “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.
Milli Məclisin deputatı, akademik Rəfael Hüseynov deyib ki, 17 noyabr – Milli Dirçəliş Günüdə doğum gününü qeyd etmək böyük xoşbəxtlikdir. Jurnalist, publisist və yazıçı Əli İldırımoğlu bütün mənalı həyatında  öz qələmi ilə milli dirçəlişə, milli şüurun oyanışına ləyaqətlə xidmət edib.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik  İsaqov yubilyarı rayon ictimaiyyəti adından təbrik edib, xoş arzusunu çatdırıb, ona xatirə hədiyyəsi təqdim edib.
Sonra Əli İldırımoğlunun həyat və yaradıcılığına aid film nümayiş olunub.
Gecədə Qara Qarayev adına  Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilər səslənib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.
Sonda Əli İldırımoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: