“Abşeron yarımadası və xaricində peşə təhsili” nəşrinin təqdimatı olub

İyunun 29-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Abşeron yarımadası və xaricində peşə təhsili” nəşrinin təqdimatı keçirilib.

Tədbiri açan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov agentliyin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Azərbaycan dövlət peşə təhsil müəssisələrində tələbələr 120 ixtisas üzrə təhsil alırlar. 2020-2021-ci tədris ilində ilk dəfə pilot olaraq yüksək texniki peşə təhsili istiqamətində ixtisaslara qəbul aparılıb. Yüksək texniki peşə təhsili məzunlarına subbakalavr dərəcəsi verilir ki, bu da onlara karyeralarının qurulmasında üstünlük verir. 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul üçün yüksək texniki peşə təhsili istiqamətində 15-dən çox yeni ixtisas açılacaq.

Direktor müavini vurğulayıb ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı quruculuq dövründə peşə təhsilinin infrastrukturunun yenilənməsi də nəzərdə tutulub. Belə ki, vaxtilə işğal altında olan rayonların ərazisində yerləşən peşə təhsili müəssisələri öz fəaliyyətlərini digər rayon və şəhərlərdə davam etdirirdilər. İşğaldan sonra həmin məktəblərin yenidən o ərazilərə köçürülməsi, orada məktəblər üçün müasir tələblərə cavab verən infrastrukturun yaradılması nəzərdə tutulub.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann diqqətə çatdırıb ki, icraçı direktoru olduğu palata 140-dan çox üzv şirkəti ilə Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır: “Biz Azərbaycanda Almaniya iqtisadiyyatını təmsil edirik və fəaliyyətimiz alman ticarət və sənaye palataları və xarici ticarət palatalar şəbəkəsi ilə sıx bağlıdır. Əsas məqsədimiz ikitərəfli ticarət əlaqələrini gücləndirmək və investisiya qoyuluşunu təşviq etməkdir”.

Tobias Baumann qeyd edib ki, peşə təhsili şirkətlərin uğuru və fəaliyyətlərinin səmərəliliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, sözügedən mövzunu portfelimizə daxil etdik. Məqsədimiz peşə təhsili müəssisələrinə dəstək göstərməkdir.

Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniq vurğulayıb ki, hazırda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Azərbaycanda yüksək bacarıqlı kadrların yetişdirilməsində peşə təhsili mühüm rol oynayır. Çünki iqtisadi uğura aparan yol bacarıqlı işçi qüvvəsindən keçir. Azərbaycan Almaniyanın vacib iqtisadi tərəfdaşıdır. İqtisadi əməkdaşlığımızın qarşılıqlı inkişafı üçün bacarıqlı kadrlar yetişdirilməlidir. Biz bu istiqamətdə görülən işlərə öz töhfəmizi verməyə çalışırıq.

Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op Koreya peşə təhsili ənənələrindən bəhs edib. Səfir bildirib ki, Azərbaycan təbii resurslarla zəngindir. Lakin bu resursları yararlı etmək üçün insan resurslarını inkişaf etdirmək lazımdır.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının Peşə təhsili departamentinin rəhbəri Maqnus Müller Azərbaycan və ingilis dillərində çap olunan “Abşeron yarımadası və xaricində peşə təhsili” nəşrinin təqdimatını edib. O məlumat verib ki, nəşrdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrə xülasə şəklində müxtəlif peşələrə yiyələnmiş bacarıqlı məzunların işə qəbulu, təcrübə proqramı vasitəsilə peşə təhsili proseslərində iştirak etmək imkanı, imtahanlar, praktiki təlim və tədris proqramlarının hazırlanması və ya peşəkar inkişaf təlimləri ilə əlaqədar kadrların ixtisasartırması kimi mövcud imkanları təqdim edir. Bu təlimatda şirkətlərə tələb olunan peşə sahələrində gənc bacarıqlı mütəxəssisləri harada tapa biləcəkləri göstərilir. Bundan əlavə, oxucular seçilmiş peşə təhsili mərkəzləri və ixtisasları, təcrübə tarixləri və 2021-ci ildə gözlənilən məzunların sayı barədə məlumat əldə edə bilərlər.

Əsas məqsədi işəgötürənlərin peşə təhsilinə cəlb edilməsinin təşviqi olan nəşrdə 17 peşə təhsili müəssisəsi və 14 şirkət haqqında məlumatlar yer alıb. Nəşrin oxucunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzv şirkətləri ilə müvafiq peşə təhsili mərkəzləri arasında tərəfdaşlıq layihələrinin peşə təhsili və təlim icması ilə birbaşa əlaqə yaratmağa təşviq edəcəyi gözlənilir.

Sonra Alman-Azərbaycan Xarici Ticarət Palatasının direktor müavini Nigar Bayramlının moderatorluğu ilə sual-cavab sessiyası təşkil olunub.

Tədbirin sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə tanışlıq olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: