Afaq Bəşirqızı ilə“Toya bir gün qalmış”…

Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi oktyabrın 5-i və 13-də görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızı bu tamaşada baş rolu ifa edəcək. Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlili, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov və Ağaxan Şərifov ifa edirlər.

Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir.

İştirak etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: