Almaniyada keçiriləcək beynəlxalq kitab sərgisində ölkəmiz də təmsil olunacaq

Oktyabrın 11-dən 15-dək Almaniyanın Frankfurt şəhərində beynəlxalq kitab sərgisi keçiriləcək. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək.

Nazirlikdən bildirilib ki, ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə nazirliyin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət Almaniyanın Frankfurt-Mayn şəhərinə səfər edəcək. Beynəlxalq kitab sərgiləri sırasında bu sərgi nüfuzu, iştirakçı və ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar gəlir. Nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, “Qız Qalası” və “Qala divarlar”ı dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək.

Həmçinin, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər keçiriləcək.

Oktyabrın 12-də milli pavilyonda “XVIII-XXI əsrlərdə alman dilli Nizamişünasların elmi tədqiqatlarının nəticələri” və “Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd “Xəmsə” poemalar toplusu qədimi əlyazmalarına çəkilmiş miniatür nümunələrinin tədqiqi” mövzularında məruzələr dinlənəcək. Oktyabrın 13-də milli pavilyonda “Azərbaycan Almanların gözü ilə”, “Azərbaycanlılar Almaniyada – diaspor nümayəndələrinin təəssüratları” mövzularında müzakirələr aparılacaq, Rahim Şimitin “Mədəniyyətlərarası təbabət və kommunikasiya” adlı kitabın təqdimatı keçiriləcək. Oktyabrın 14-də isə milli pavilyonda Azərbaycan Prezidentinin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı eyniadlı məruzələrdən ibarət tədbir təşkil ediləcək. Tədbir çərçivəsində, həmçinin “IRS-Erbe” jurnalının Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş nömrəsinin və “IRS Publishing House” nəşrlər evinin kitablarının təqdimatı keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: