“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha şəxslərin zəruri ehtiyacları qarşılanır

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində “ASAN Məktub” sosial proqramı çərçivəsində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları ASAN könullüləri tərəfindən toplanaraq www.asanmektub.az saytına yerləşdirilir. Eyni zamanda 108(5) “Çağrı” mərkəzi vasitəsi ilə də müxtəlif müraciətlər qeydə alınır.

Yardım etmək istəyən vətəndaşlar sayta daxil olmaqla seçdikləri məktublar üzrə qeyd olunanları alaraq könüllülərə təhvil verirlər. Alınmış ehtiyaclar isə ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılır.

Bununla bu kateqoriyadan olan şəxslərə evdən çıxmadan gündəlik zəruri ərzaq, dərman vasitələrinin və s. çatdırılmasında ümumvətəndaş həmrəyliyi öz töhfəsini verir.
Bu günədək “ASAN Məktub” sosial proqramı vasitəsilə vətəndaşlar tərəfindən 5000-dək uşağın arzu və istəyi həyata keçirilib. Vətəndaşlarımızın 65 yaşdan yuxarı tənha şəxslərin ehtiyaclarının qarşılanması istiqamətində də həmrəy olacaqlarına və dəstəklərini əsirgəməyəcəklərinə inanırıq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 24 mart 2020-ci il saat 00:00-dan 20 aprel saat 00:00-dək elan olunmuş xüsusi karantin rejiminə əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib və onlara sosial xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!