Azərbaycanlı rəssamların əsərləri “Art Shopping” beynəlxalq sərgisində

Oktyabrın 20-də Luvr muzeyinin Karusel salonunda 21-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi açılıb. Sərgidə 700 rəssam və qalereya iştirak edir.

Azərbaycanlı rəssamlar Məryəm Ələkbərli, Əsmər Nərimanbəyova, Rana Əmrahova, Aysel Bədəlova, Lala Ağayeva, Aysel Mirqasımova, Vəfa Əfəndizadə “Art Shopping” sərgisində əsərlərini nümayiş etdirirlər.

İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Luvr muzeyinin Karusel sərgi salonunda sərgilənməsi artıq ənənəyə çevrilib. Yenə də Məryəm əsərləri ilə sənətsevərlərin qəlbini fəth edib.

Fransız incəsənət həvəskarları istedadlı gənc rəssam Məryəm Ələkbərlinin həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tabloları qarşısında dayanır, gənc rəssamın rəng seçiminə heyran olurlar. Daxili aləmini incəliklə ağ kətan üzərinə köçürən gənc rəssam hər bir ziyarətçini onun sehirli aləminin seyrçisinə çevirir və duyğularını bölüşür. Məryəm mövzu çalarlığı və rəng seçimi ilə də sənətsevərlərin diqqətini cəlb edir.

Azərbaycanlı rəssamların əsərləri mövzularına, milli motivlərinə və rəng seçiminə görə fərqlənir və ziyarətçiləri heyran edir.

Əsmər Nərimanbəyovanın rəhbərliyi altında təşkil olunmuş pavilyonda təkcə həmvətənlilərimizin deyil, eyni zamanda Bakıda keçirilən birinci Avropa Oyunlarının maskotunun müəllifi, istedadlı rəssam Dəfnə Biçaçın instalyasiyaları da (quraşdırma işi) nümayiş olunub. O, Bakıda “Kuban” pianosunun klavişlərindən hazırladığı instalyasiyasını xüsusi təqdim edib.

Qeyd edək ki, “Art Shopping” sərgisində son illər azərbaycanlı rəssamların uğurla iştirakı ənənəyə çevrilib. Onların əsərləri sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: