Bakıda “İtalyan dili həftəsi”nin açılışı olub

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində “İtalyan dili həftəsi”nin açılışı olub.

Frame.az xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.

Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək ölkəsinin zəngin mədəniyyətindən və dil həftəsinin keçirilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, “İtalyan dili həftəsi” dünyada hər il oktyabr ayının üçüncü həftəsində bu dili təşviq etmək məqsədilə təşkil olunur. İtalyan dili dünyada ingilis, ispan və Çin dillərindən sonra ən çox öyrənilən 4-cü əsas dildir. “Klassik mədəniyyət və ədəbiyyat haqqında düşünəndə bu dilin yada düşməməsi mümkün deyil. İtalyan dilinin geniş yayılmasının bir neçə səbəbi var: Vatikan kilsəsi, miqrasiya, mədəniyyət, mətbəx, sevgi, moda, avtomobil və s. Bu il “İtalyan dili həftəsi” ölkəmizin kinosuna həsr olunur. Kino bizim hər birimizi cəzb edir, bunun vasitəsilə gözəlliyi görə bilirik. Kino həqiqətin güzgüsüdür. Bakıda oktyabrın 23-dək keçiriləcək həftə çərçivəsində İtaliyanın məşhur rejissor və ssenaristi Francesko Bruninin ustad dərsləri və italyan filmləri nümayiş olunacaq. Konsertimizin adı da “35 millimetr kino lenti və musiqidir”, – deyə səfir vurğulayıb.

Sonra gecədə Oskar mükafatı almış italyan filmlərindən fraqmentlər nümayiş olunub, habelə musiqilər səsləndirilib. Layihənin müəllifləri italyan filmlərindəki mahnıları caz üslubunda simli kvartetə köçürən bəstəkarlar Stefano Muskaritolo və Kəmalə Əlizadədir.

Gecədə Günel Kazımovanın fortepianoda müşayiəti ilə Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Siruz Məmmədov (truba) məşhur italyan bəstəkarları Ennio Morrikone, Henry Mançini, Nino Rota və digərlərinin əsərlərini səsləndiriblər.

Qeyd edək ki, “İtalyan dili həftəsi” müasir mədəniyyət və incəsənət dili olan italyan dilinin təbliğinə yönəldilmiş beynəlxalq bir layihədir. Bu tədbir 2001-ci ildən hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: