Beynəlxalq Muğam Mərkəzi Mədəniyyət Nazirliyinin dəstəyi ilə əfsanəvi xanəndə “Bülbülcan”haqqında kitabın təqdimat mərasimini keçirmişdir

Oktyabrın 4- də Beynəlxalq Muğam Mərkəzində “Bülbülcan” (Azərbaycan və gürcü dillərində) kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə mədəniyyət nazirinin  birinci müavini Vaqif Əliyev, musiqi ictimaiyyətinin nümayəndələri- Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Canəli Əkbərov, Əməkdar artisti Təyyar Bayramov  və başqaları iştirak edirdilər.
 Tədbiri kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı açaraq, böyük xanəndənin həyat və faəliyyəti, azərbaycan muğam sənətinin formalaşması və inkişafında Əbdülbaqi Zülalov –Bülbülcanın xidmətlərindən danışaraq dedi:Əbdülbaqi Zülalov (Bülbülcan) Azərbaycanın böyük xanəndəsi olmuşdur.
Əbdülbaqi Zülalov (Bülbülcan) 1847-ci ildə Azərbaycanın ən gözəl guşələrindən biri olan Şuşa şəhərində anadan olub. Gənc yaşlarından xanəndəliyə başlayan Bülbülcan əvvəl Azərbaycanda, sonra isə Gürcüstanda, Tbilisi şəhərində bir xanəndə kimi şöhrət qazanmışdır. O, ömrünün 30 ilini (1875-1905) Tbilisi şəhərində yaşamış və fəaliyyət göstərmişdir. Bu illər ərzində Azərbaycan muğamlarını, xalq mahnılarını sevə-sevə ifa etmiş, toy şənliklərində, böyük tədbirlərdə, teatr tamaşalarının arasındakı fasilələrdə öz ansamblı ilə çıxış etmişdir. Onun ansamblı 6 nəfərdən ibarət idi.
    O illərdə Tbilisidə elə bir yüksək səviyyəli məclis yox idi ki, Bülbülcan və onun dəstəsi ora dəvət edilməsin. III Aleksandrın Qafqaz səfəri zamanı (1888 ci il) Tblisinin Müctəhid bağında şərəfinə düzəldilən məclisdə Bülbülcan da iştirak edirdi. Böyük xanəndənin bülbül kimi cəh-cəh vurduğundan vəcdə gələn III Aleksandr onun at üstündə Kovalenski prospekti ilə (indiki Rustaveli prospekti) keçib getməsinə icazə verilməsini çar canişininə tapşırmışdır.
    Knyaz Mixail Romanov (I Nikolayın qardaşı) 1904-cü ildə Tiflisə səfər edərkən  “Edem” bağında təşkil olunmuş ziyafətdə Bülbülcan  o qədər gözəl oxumuşdu ki, knyaz öz barmağındakı 4 karatlıq brilyant üzüyü çıxararaq onun barmağına taxmışdı. Müzəffərəddin şah 1900- cü ildə Avropaya  səfər edərkən bir neçə gün Tiflisdə qonaq qalmış, şərəfinə təşkil olunmuş məclislərin birində Bülbülcanın ifasını  o qədər bəyənmişdir ki, onu “Şiri-xurşid” ordeni ilə təltif etmişdir.
   Əbdülbaqi Zülalova Bülbülcan ləqəbini də gözəl zəngulələrinə görə ilk dəfə Tbilisidə vermişdilər. Bülbülcan xeyriyyəçi kimi də fəaliyyət göstərmiş, Tbilisidə təşkil olunan xeyriyyə konsertlərində mütəmadi çıxış etmişdir.O gürcü, ləzgi, kumık dillərini də bilirdi və bu dillərdə də mahnılar oxuyurdu. Azərbaycanın böyük xanəndəsi, muğam bilicisi 300-dən çox Azərbaycan xalq mahnısını toplamış Cabbar Qaryağdıoğlu yazırdı ki, mən zəngulə vurmaq bacarığını Bülbülcandan öyrənmişəm.
    1920-ci ildə Bakıya köçən Bülbülcanı böyük Üzeyir Hacıbəyli muğam ustası kimi muğam dərsləri verməyə cəlb etmişdir. Bülbülcan haqqında o dövrdə çıxan gürcü və rus dilindəki qəzetlər gözəl məqalələr yazırdılar. Onun konsert afişaları Gürcüstan Dövlət Kino, Teatr və Etnoqrafiya muzeyində indiyə kimi qorunub saxlanılır. Büstü Bakıdakı Beynəlxalq Muğam Mərkəzində ucaldılıb.
    Gülhüseyn Kazımlı qeyd etdi ki,  Mədəniyyət nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə gürcü dilinə tərcümə olunmuş kitabın təqdimatı 2018 ci il oktyabrın 12- də Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.
    Sonra   Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, muğam sənətimizin inkişafında xidmətləri olmuş musiqiçilər haqqında, eyni zamanda Əbdülbaqi Zülalov (Bülbülcan) haqqında fikirlərini bölüşdü.
   Əbülfəs Qarayev dedi: Beynəlxalq Muğam Mərkəzi tərəfindən hazırlanan bir çox layihələr,  muğam sənətimizin tarixinə aid aparılan elmi tədqiqatlar, müxtəlif mövzulara həsr edilmiş dəyirmi masaların keçirilməsi məhz bu sənətə verilən dəyərin göstəricisidir. Hal-hazırda Azərbaycan muğam sənəti bütün dünyada məşhurdur. Ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə olan mütəmadi diqqəti, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunması işinin təməlini qoyması sayəsində  bu gün qeyri-maddi mədəni irs nümunələrimiz bu dərəcədə təbliğ olunmayacaqdı. Məhz Mehriban xanımın mədəni irsimizə, tariximizə diqqəti və qayğısı nəticəsində bu gün UNESCO-nun müvafiq siyahılarında Azərbaycanın 11 nominasiya faylı qorunur və ölkəmiz təşkilatın “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensasiyasına qoşulub.
    Beynəlxalq Muğam Mərkəzinin apardığı layihələr, xüsusilə bir neçə komponenti özündə ehtiva edən “Unudulmayanlar” layihəsi çox uğurludur.
   Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, Muğam Mərkəzinin həyata keçirdiyi “Unudulmayanlar” layihəsinin rəhbəri Murad Hüseynov çıxış edərək dedi ki, “Unudulmayanlar” layihəsi həyata keçirdiyimiz  layihələrdən biridir. Bu layihə çərçivəsində Azərbaycanın musiqi həyatında, muğam sənətinin inkişafında rolu olan insanların həyat və yaradıcılığı haqqında elmi tədqiqat işləri aparılır, bu elmi tədqiqat işləri əsasında unudulmaz insanlara həsr olunmuş yubiley gecələri keçirilir.Layihənin komponentlərindən biri də bu görkəmli insanlar haqqında elmi-tədqiqatlar əsasında əldə olunmuş materiallardan istifadə olunmaqla ədəbi bədii gecələr keçirilir, onlar haqqında kitablar hazırlanaraq xarici dillərə tərcümə olunur ki, bu da musiqi mədəniyyətimizin, muğam sənətimizin xarici ölkələrdə təbliğinə, xarici ölkələrin musiqi ictimayiətinin mədəni irsimizə olan diqqət və marağının oyanmasına səbəb olur.Murad Hüseynov qeyd etdi ki, bu fəaliyyətin həyata keçirilməsində Heydər Əliyev Fondunun  diqqət və qayğısını daim hiss edirik.Mədəniyyət nazirliyinin Beynəlxalq Muğam Mərkəzinin həyata keçirdiyi layihələrə verdiyi dəstək də bizi yeni-yeni layihər üzərində işləməyə ruhlandırır.
    Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Muğam Mərkəzi birinci Vitse-Prezidentimiz ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib muğamsevərlərin ixtiyarına verilmişdir ki, bu möhtəşəm binanın da dünyada analoqu yoxdur.
Xalq artisti Arif Babayev çıxış edərək, unudulmaz xanəndənin Azərbaycan muğam sənətindəki xidmətlərindən danışdı.
    Bülbülcanın nəticələri Zemfira  Zülalova və  Tərlan Zülalov xanəndənin ailə üzvləri adından çıxış edərək Azərbaycanın  birinci   Vitse-prezidenti Mehriban xanım Əliyevaya, Mədəniyyət Nazirliyinə, Beynəlxalq Muğam Mərkəzinə Əbdülbaqi Zülalova göstərilən qayğı və diqqətdən danışdı, öz minnətdarlığını bildirdi.
   Tədbirdə Bülbülcan adına Şuşa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimləri və şagirdləri konsert proqramı ilə çıxış etdilər.
   Qeyd edək ki, oktyabrın 15- də saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində Bakı caz festivalı  çərçivəsində İsrailli virtuoz pianoçu, cazmen Leonid Ptashkanın konserti keçiriləcək.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərinən və İticket.az saytından əldə etmək .

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: