Azərbaycan Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim olundu

Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” adlı kitabın təqdimat mərasimi keçirildi.Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonaqlar qarşısında çıxış etdilər. Gecənin aparıcısı Rəşad Mehdili oldu.

Muzeyin yeni nəşrindəbu mədəniyyət ocağının tarixi, Azərbaycan xalçalarının müxtəlif növləri, dekorativ-tətbiqi sənətin ayrı-ayrı sahələri, zəngin kolleksiyasının ən gözəl nümunələri, xalça sənətinin inkişafında xüsusi rolu olan görkəmli şəxslər haqqında məlumatlar öz əksini tapıb. Dörd yüz səhifədən ibarət Azərbaycan, ingilis və rus dillərində hazırlanmış kitabda muzeyin eksponatlarının şəkilləri ilə yanaşı, onun tarixini əks etdirən arxiv fotoları və sənədləri geniş illüstrativ materiallar əsasında verilib.

Azərbaycan Milli Xalça Muzeyində “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Parça, geyim və tikmə”, “Keramika, ağac, şüşə və kağız”, “Zərgərlik” və “Bədii metal” kolleksiyaları qorunur. Kolleksiyaların hər biri haqqında sənətşünaslar və müvafiq sənət sahələrinin mütəxəssisləri tərəfindən müfəssəl fəsillər hazırlanıb. Kitabda həmçinin muzeyin sərgi işi, beynəlxalq əlaqələr, Qarabağın işğalından sonra Milli Xalça Muzeyində müvəqqəti fəaliyyət göstərən Şuşa filialına həsr olunmuş bölmələr də yer alıb.

Təqdimatda muzeyin direktoru Şirin Məlikova kitabın müəlliflərini – Kübra Əliyeva, Mira Məmmədxanova, Aytən Əhmədova, Aygün Abbasova, Gülzadə Abdulova və Qoşqar Qoşqarlını təqdim etdi.Hər müəllif öz çıxışında tədqiq etdiyi kolleksiya barədə məlumat verdi.

Onların çıxışlarında yer alan mövzulara əsasən auditoriyadakı qonaqlar arasında müsabiqə keçirildi. Müsabiqədə Milli Xalça Muzeyi, onun müxtəlif eksponatları, məsələn, muzeyin ilk eksponatı “Balıq” xovlu xalçası, arxeoloji qazıntılar zamanı aşkarlanmış keramik qab və məfrəşə aid suallar verildi. Qaliblərə müxtəlif mükafatlar – Milli Xalça Muzeyinin nəşrləri, muzeyə pulsuz giriş və s. təqdim edildi.

Təqdimat mərasimində Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətini və yeni kitabı əks etdirən video-çarx nümayiş olundu.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyev Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrənin duetini ifa etdilər.

Tədbirin sonunda qonaqlar yeni toxunan xalçanın adət-ənənəyə uyğun şəkildə dəzgahdan kəsimində iştirak etdilər. Xalçada ənənəvi xovsuz şəddə kompozisiyasının süjeti – dəvə karvanı əks olunub. Yeni hazırlanmış xalça xovlu və xovsuz texnikaların birgə tətbiqi ilə hazırlanıb. İki texnikanı özündə birləşdirən xalçalar son dövrlərMilli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün hazırlanır. Toxucular xovsuz yastı səthtə xovlu texnikada yüksək sıxlıqla ornamentləri toxuyurlar. Bu yenilik görmə qabiliyyətini itirmiş və ya görmə qabiliyyəti məhdud olan insanlara xalçalarımızı “görmək”, texnikaların müxtəlifliyini hiss etmək, toxunmaqla qabarıq ornamenti duymaq imkanı verir.

Tədbirdə Ənənəvi texnologiya şöbəsinin əməkdaşlarının işləri də nümayiş etdirildi. Muzeyin Uşaq şöbəsinin əməkdaşları qonaqlara çətən, şəddə və suvenir xalçalar üzrə ustad dərsləri keçdi. Ən yaxşı əl işlərinin müəllifləri muzey tərəfindən mükafatlandırıldı.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: