Dənizkənarı Milli Parkda “Biz könüllülərimizi sevirik” adlı instalyasiyanın açılışı olub

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Dənizkənarı Milli Parkda Formula-1 yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən könüllülərlə bağlı instalyasiyanın açılışı olub.

Frame.az xəbər verir ki, instalyasiya gənclərə dəstək məqsədilə “Biz könüllülərimizi sevirik” devizi altında təşkil olunub.

BŞH-nin könüllülər üzrə koordinatoru Tural Hümbətov könüllülərin artıq üçüncü ildir Formula-1 yarışlarının təşkilinə cəlb olunduqlarını vurğulayıb. Bildirib ki, könüllülər kütləvi idman tədbirlərinin təşkilində əvəzsiz rol oynayırlar. Mötəbər yarışları könüllülərin dəstəyi olmadan təşkil etmək mümkün deyil. Sevindirici haldır ki, könüllülərimiz Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbir və yarışların təşkilində fəal iştirak edirlər.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın könüllülərin fəaliyyətini daim diqqət mərkəzində saxladıqlarını, onların xidmətlərini yüksək qiymətləndirdiklərini məmnunluqla qeyd edən Tural Hümbətov deyib: “Biz də Formula-1 Azərbaycan Qran-Prisinin təşkilində yaxından iştirak edən könüllülərimizə təşəkkürümüzü bildirmək məqsədilə bu instalyasiyanı təşkil etmişik. İnstalyasiyanı paytaxt sakinlərinin və turistlərin ən çox üz tutduqları məkanda təşkil etməyimiz könüllülərə olan minnətdarlığımızın göstəricisidir”.

Bu il də mötəbər yarışın təşkilinə üç min könüllünün cəlb olunacağını deyən BŞH nümayəndəsi ötən il Formula-1 üzrə dünya çempionatının ən maraqlı Qran-Prisinin Bakı mərhələsi olduğunu məmnunluqla qeyd edərək, bu uğurda könüllülərin xidmətlərini xüsusi vurğulayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: