“I am jazzman!” müsabiqəsinin qalibləri məlum olub

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində “I am jazzman!” gənc caz ifaçıları müsabiqəsi iştirakçılarının qala-konserti keçirilib.

Frame.az xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunan müsabiqə Azərbaycan Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə keçirilib. Müsabiqənin məqsədi ölkədə cazın təbliği və gənc istedadların üzə çıxarılmasıdır.

Müsabiqə iştirakçıları dünyanın məşhur caz ifaçılarının repertuarlarından kompozisiyalar ifa ediblər. Həmçinin populyar mahnıların rok və pop janrında improvizəsi təqdim olunub.

Münsiflər heyətinin qərarı ilə vokalçılar arasında birinci yerə Leyla İzzətova, ikinci yerə Yusif Qasımov, üçüncü yerə isə Albina Pyakşeva layiq görülüblər. Hər üç qalib Azərbaycan təmsilçiləridir.

İnstrumentalçılar arasında birinci yeri Aydın Zeydullayev (Azərbaycan), ikinci yeri Andrey Konstantinov (Rusiya), üçüncü yeri isə Ki Honq Çan (ABŞ) qazanıblar.

Sumqayıt şəhər Mədəniyyət Evinin uşaq ansamblına və müsabiqənin ən gənc iştirakçısı Əminə Hacıyevaya fərqlənmə diplomları təqdim olunub.

Sonda festivalın təşkilatçısı Leyla Əfəndiyeva qeyd edib ki, “I am jazzman!” müsabiqəsi ilk addımlarını atan musiqiçilərin həyatında böyük rol oynayır. İştirakçıların əksəriyyəti ilk dəfədir ki, bu cür böyük auditoriyanın qarşısında çıxış edirlər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: