Əsas məqsədimiz Avropa dəyərləri bazasında inkişaf etmiş ölkəyə çevrilməkdir-Rəvan Əhmədov

Bildiyimiz kimi, müasir dünya iqtisadiyyatında köhnəlmiş geosiyasət modeli öz mövqelərini tədricən itirərək yerini beynəlxalq münasibətlərin yeni konseptual modelinə geoiqtisadiyyata təhvil verməkdədir. Yeni texnologiyalar, yeni çağırışlar və yeni imkanlar əsri hesab edilən XXI əsrdə çoxlu sayda ölkələr artıq dünya məkanında öz mövqelərini, bu və ya digər inteqrasiya qruplaşmalarında iştiraklarını resursların, gəlirlərin bölgüsü və yenidən bölgüsü, rəqabət qabiliyyətliliyin yüksəldilməsi kontekstində nəzərdən keçirirlər. Fikrimizcə, bu yanaşma, faktiki olaraq, müstəqil
Azərbaycanın geoiqtisadi strategiyası və siyasətində də daha parlaq nəzərə çarpır və effektiv surətdə tətbiq edilir.

Milli maraqların yüksək səviyyədə təmin olunduğu effektiv geoiqtisadi strategiya sayəsində Azərbaycan regional liderə, mühüm regional investora çevrilmiş, ölkəmizin geoiqtisadi əlaqələrinin dərəcəsi artmışdır. Çox vektorlu regional iqtisadi inteqrasiya siyasəti nəticəsində geoiqtisadi əlaqələrimizin coğrafiyasının şaxələnməsi, müvafiq olaraq geoiqtisadi nüfuzumuzun arsenalını gücləndirir. Məhz bu inteqrasiya vektorları arasında Avropa regionuna inteqrasiya ölkəmizə başlıca geoiqtisadi üstünlüklər və qazanclar gətirmiş, xeyli maliyyəinvestisiya resursları toplamağa imkan vermiş və gələcək dövrlərdə strateji əhəmiyyəti şübhəsizdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da hədəflənən əsas məqsədlərdən biri məhz Avropa dəyərləri bazasında inkişaf etmiş ölkəyə çevrilməkdən ibarətdir. İnkişafın keyfiyyətcə yeni mərhələsinə keçidin sistemli xarakter kəsb etməsi Avropa ilə qarşılıqlı əlaqələrin sıxlıq və effektivlik dərəcəsindən birbaşa funksional asılılıqdadır. Avropa ilə əməkdaşlıq ölkəmizin mütləq və müqayisəli üstünlüklərini, geoiqtisadi potensialını maksimum reallaşdırmağa imkan yaradır.

Eləcə də gələcəyə baxış inkişaf konsepsiyasından irəli gələrək ölkəmizdə postindustrial cəmiyyətin, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması üçün iqtisadi və texnoloji cəhətdən inkişaf etmiş Avropanın bu gün əldə etdiyi nailiyyətlərindən geniş surətdə istifadəni qaçılmaz zərurət kimi ortalığa qoyur. Bu baxımdan Avropa ölkələri ilə əməkdaşlıq, bu region ilə inteqrasiyanın daha da dərinləşdirilməsi xarici iqtisadi strategiyamızın mühüm strateji istiqamətlərindən birini təşkil edir. Avropa regionu dünyanın müasir geosiyasi xəritəsində və geoiqtisadi arxitekturasında aparıcı rola malikdir. XX əsrin ikinci yarısından sonra bu regionda inteqrasiya proseslərinin
başlanılması, genişlənməsi və dərinləşməsi dünya iqtisadiyyatının müasir inkişaf mərhələsində digər regionlarla müqayisədə daha dərin və təkmil inteqrasiya olunmuş Avropa iqtisadi məkanının (AİM) formalaşmasına səbəb olmuşdur.

Hazırda AİM Avropa İttifaqına daxil olan 28 ölkə ilə yanaşı, Avropa Azad Ticarət Assosiasiyanın üzv-ölkələri olan İslandiya, Lixtenşteyn və Norveçi də əhatə edir.

Avropanın Aİ-yə daxil olmayan İsveçrə, Albaniya, Serbiya və Bosniya və Herseqovina kimi ölkələri AİM üzrə Sazişə qoşulmasalar da, Aİ ilə ikitərəfli müqavilələr əsasında sıx əməkdaşlıq edirlər.Avropa İqtisadi Məkanı haqqında Saziş 1994-cü ilin yanvarında qüvvəyə minmişdir. Bu Saziş üzv-ölkələrin ―daxili bazara‖ sərbəst girişini (malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini), qanunvericiliyin uyğunlaşdırılmasını (qaydalar AİM Komitəsində təsdiq olunur), Avropa inkişafının dəstəklənməsini, elmi tədqiqatlar, təhsil, ətraf mühitin mühafizəsi,
mədəniyyət, sosial məsələlər, hüquq bərabərliyi, turizm və s. bu kimi digər sahələrdə əməkdaşlığı, müəyyən balıqçılıq məhsulları üzrə gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsini və onların bazara girişinin asanlaşdırılmasını, müəyyən kənd təsərrüfatı məhsulları üzrə ticarətin sadələşdirilməsini nəzərdə tutur. Avropa iqtisadi məkanında daha çox dövlətləri – 28 üzv-dövləti özündə birləşdirən Aİ faktiki olaraq vahid iqtisadi məkana və valyuta sisteminə, müasir dünyanın əsas investisiya mərkəzinə, balanslaşdırılmış sosial siyasətə malik olmaqla, formalaşmaqda olan yeni dünya düzənində və beynəlxalq münasibətlərdə çox mühüm rola malikdır.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: