Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “ASAN Xidmət” mərkəzində Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilmiş tədbir keçirilib

Bu gün “Beynəlxalq kitab bağışlama günü”dür.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının tərəfindən 5 saylı “ASAN Xidmət” mərkəzində Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə kitab bağışlama aksiyası keçirilib.

Kitabxananın direktoru Şəhla Qəmbərova bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün təqvimdə ən gənc bayram günlərindəndir: “Bu günü qeyd edən ölkələrin sayı kifayət qədərdir. 2014-cü ildən başlayaraq bu əlamətdar gün ölkəmizdə də qeyd olunur. Respublika Uşaq Kitabxanası olaraq Beynəlxalq Kitab Bağışlama Gününü hər il müxtəlif məkanlarda qeyd edirik. Bu il də tədbiri ölkəmizdə öz xidmət səviyyəsi ilə vətəndaşların rəğbətini qazanmış “ASAN Xidmət” mərkəzində təşkil etmək qərarına gəldik. Mərkəzin xidmətlərindən istifadə edən valideynlərlə buraya gəlmiş uşaqlara kitablar paylanılır. Gün ərzində davam edəcək tədbirdə 500-dək uşaq ədəbiyyatı olan kitab və jurnallar uşaqlara bağışlanılacaq”.

Direktor əlavə edib ki, mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloggerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Qeyd edək ki, 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan bloggerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab bağışlama günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası bağışlama günü” olaraq qeyd olunmağa başlayıb.

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: