Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan və azərbaycanlılar” adlı elmi konfrans keçiriləcəkdir

Azərbaycan memarlığının qurucusu, böyük şəxsiyyət, Azərbaycanın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan və azərbaycanlılar” adlı elmi konfrans və ADRA-nın tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi keçiriləcəkdir. Konfrans-sərginin proqramına daxildir: elmi konfrans (10 may saat 11:00 ADRA-nın Akt zalı) və sərginin açılışı ( 10 may 12:30 ADRA Muzey-Sərgi Kompleksi).
Nümayiş olunan əsərlər müxtəlif texnika və üslubları əhatə edir. Sərgilənən əsərlər rəngkarlıq, qrafika, qobelen və digər üslublarda nümayiş olunur. Sujet xətti olaraq, ümummilli lider Heydər Əliyevin portretlərini əks etdirən rəsmlərlə yanaşı, Azərbaycanın görkəmli şəxsiyyətləri, zəngin təbiəti, tarixi abidələri, dünəni və bugününü tərənnüm edən sənət nümunələri sərgilənməkdədir.
10 may saat 11:00-da baş tutacaq konfrans-sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mətanət Nəsirova, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov çıxış edəcəklər.
Əsərlərin nümayişi ADRA-nın Muzey-Sərgi Kompleksinin I, II və III zallarını əhatə edir. I zalda ilk olaraq professor Əli Verdiyevin kətan üzərinə çəkdiyi Heydər Əliyevin portreti yer almaqdadır. Rəssam, Heydər Əliyevin portreti fonunda Qafqaz dağlarını əks etdirməklə zəngin, həmçinin sadə kompozisiya yaradaraq obrazlar arasında vəhdət yaratmışdır. Belə ki, görkəmli fırça ustası Qafqaz sıra dağlarının təcəssümünü əks etdirməklə sanki dahi şəxsiyyətin vüqarını, əzmini, böyüklüyünü kətan üzərində əks etdirməyə çalışmışdır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ümummilli liderin xatirəsini əziz tutaraq ənənəvi olaraq bu mövzuda tədbirlər keçirməkdədir. Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı və sərəncamı ilə 13 iyul 2000-ci ildə yaradılmışdır.
Ümumilikdə, sərgidə 200-dən artıq əsər nümayiş olunur.
Konfrans-sərginin rəsmi 10 may 2018-ci il saat 11:00 tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Akt zalında (H. Əliyev pros. 26) keçirilir. Sərgi 18 maya qədər davam edəcəkdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: