Müşerref Akay Gəncədə konsert verəcək

“Çox həyəcanlıyam. Uzun illər sonra yenidən Gəncədə olmanın həyəcanını yaşayıram”

Noyabrın 30-da Gəncə Dövlət Filarmoniyasında ədəbi-bədii musiqili gecə keçiriləcək.

Frame.az xəbər verir ki, tədbir Azad Azərbaycan Teleradio Şirkəti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır. Konsert proqramı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilir.

Tədbrin ideya müəllifi və təşkilatçılarından biri də tanınmış telejurnalist, professor Etibar Babayevdir: “Müşerref Akay uzun illərdir azərbaycanlı sənətçilərin iştirak edəcəyi proqram hazırlamaq arzusunda idi. Nəhayət, TRT Müzik kanalında azərbaycanlı müğənnilərin qonaq olduğu “Əziz dostlar” proqramını gerçəkləşdirə bildik. Azərbaycanın bir çox tanınmış müğənniləri həmin proqramda qonaq oldu. Verilişin davamı olaraq ATV telekanalında “Bir səfərin təəssüratı” adlı proqram ərsəyə gətirdik. Gəncədə keçiriləcək konsertdə əsasən həmin verilişlərdə iştirak edən sənətçilər çıxış edəcək”.

Konsertdə Türk sənət musiqisinin tanınmış siması Müşerref Akay fəxri qonaqdır. Bu barədə o, təəssüratlarını bölüşüb: “Çox həyəcanlıyam. Uzun illər sonra yenidən Gəncədə olmanın həyəcanını yaşayıram”.

Musiqili gecədə Müşerref Akayla səhnəni xalq artist Nazpəri Dostəliyeva, Zakir Əliyev, Elnarə Xəlilova, Ehtiram Hüseynov, İlkin Əhmədov da bölüşəcək.

Tədbir saat 17:00-da başlayacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: