Müasir İncəsənət Muzeyində “O” adlı sərginin açılışı olub

Noyabrın 11-də Müasir İncəsənət Muzeyində kuratoru Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskaya olan “O” adlı sərginin açılışı olub.

Sərginin mövzusu qadınların həyatlarına – onların cəmiyyətdəki roluna, sevinc, kədər və problemlərinə həsr olunub.

Sərginin açılışından öncə Latviyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa, BMT-nin Rezident Əlaqələndirici Ofisinin Əlaqələndirmə üzrə müşaviri Şəmsiyyə Mustafayeva və Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskaya çıxış edərək layihə və sərgi barədə məlumat veriblər.

Bildirilib ki, Latviyanın Azərbaycandakı səfirliyi BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Norveç Krallığının Ankaradakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı kimi gender bərabərliyi üzrə müasir beynəlxalq incəsənət əsasında “O” layihəsi təşkil olunub. Bu il layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinə həsr edilib.

Vurğulanıb ki, layihə gender bərabərliyi ilə bağlı təcrübələrini bölüşmək, eləcə də müasir incəsənət vasitəsilə qadınların həyatına təsir edən pandemiya və post-konflikt vəziyyətlərini əks etdirmək üçün beynəlxalq iştirakçıları bir araya gətirib. Qeyd edilib ki, layihənin proqramına tanınmış beynəlxalq foto jurnalist Reza Deqatinin gender bərbərliyi üzrə təqdimatı, müzakirələr, latviyalı rejissor İnaara Kolmanenin iştirakı ilə “Bille” filminin nümayişi rejissor Tərlan Rəsulov və yazıçı İsmayıl İmanın birgə yaradıcılığı ilə “Bir damla günəş, bir nə külək və bir azda sevgi” tamaşası, Müasir İncəsənət Muzeyində beynəlxalq İncəsənət Sərgisi “O” və konfrans daxildir. Hər bir element incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsinin yeni strategiyasında mühüm rol oynayır.

Azərbaycan dilində “o” hər iki cins üçün eynidir, yalnız məzmunda hansı cinsin nəzərdə tutulduğu aydın olur.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə Şahnaz Ağayeva (Azərbaycan–Türkiyə), Leyli Ələkbərova (Azərbaycan), İrina Eldarova (Azərbaycan), Fərhad Nikfam (Azərbaycan), Tereza Puig (Norveç), Vüsal Rəhim (Azərbaycan), Nils Skapaans (Latviya) və Kaarlis Viitolsun əsərləri nümayiş olunur.

Qeyd edək ki, layihənin digər tərəfdaşları BMT-nin Azərbaycandakı nümayəndəliyi, “UN Women”, BMT İnkişaf Fondu, tanınmış beynəlxalq foto jurnalist Reza Deqati, Maqsud İbrahimbəyov yaradıcılıq Mərkəzi, Müasir İncəsənət Muzeyi, “theLandmark”, Nizami Kino Mərkəzi və “PlatformART” təşkilatıdır.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: