2020-ci ildə Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə “Azercell Telekom” tərəfindən hədiyyələr verildi
Məktəblilərimiz informatika fənni üzrə müxtəlif miqyaslı Beynəlxalq olimpiadalarda ölkəmizi uğurla təmsil edərək 1 qızıl, 1 gümüş və 8 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra edilən layihə çərçivəsində “Azercell Telekom” MMC-nin dəstəyilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarına qatılaraq yüksək nəticələr əldə ediblər. 2020-ci ilin ilk belə yarışı yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautıkov Olimpiadası olub. 20 ölkədən 588 şagirdin iştirak etdiyi bu yarışmada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov (hal- hazırda təhsilini ABŞ Massaçutes Texnologiyalar İnstitutunda (MIT) davam etdirir) qızıl, Murad Eynizadə (hal- hazırda təhsilini Cənubi Koreyanın Elm və Yüksək Texnologiyalar İnstitutunda (KAIST) davam etdirir) gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Azərbaycan məktəbliləri ötən ilin avqustunda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında da 33 ölkədən olan iştirakçılar arasında fərqlənməyi bacarıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bu nüfuzlu yarışmada bürünc medal sahibi olublar.
Sentyabr ayında Sinqapurda təşkil olunan və virtual formada keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında da Azercell-in dəstəklədiyi Azərbaycan komandasının üzvləri yaddaqalan nəticə əldə edərək 3 medal qazanıblar. 350-yə yaxın iştirakçı arasında üç azərbaycanlı şagird – Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə bürünc medala layiq görülüblər.
Ə.Hüseynov daha sonra Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turnirində də uğurlu nəticə nümayiş etdirib. O, 17 ölkədən 403 iştirakçının qatıldığı turnirdə bürünc medal qazanıb.
16-22 dekabr 2020-ci il tarixlərində Moskva şəhərində keçirilən Beynəlxalq Meqapolislər Olimpiadasında Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov bürünc medal əldə edib.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir. Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən təşəbbüslər çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə birgə icra edilən layihə çərçivəsində bu günə qədər məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 6 gümüş və 18 bürünc medal olmaqla ümumilikdə 25 medal qazanıblar.
Bütün bu uğurlar, qazanılan medalların sayının və əyarının yüksəlməsi informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların dəstəklənməsi üçün təşəbbüslərin real nəticə verdiyini bir daha sübut edir. Xatırladaq ki, 2019-cu ildə ölkəmizdə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell Rəqəmsal Sponsor qismində çıxış edib.
Davamlı inkişafın əsas amili olan təhsil hər bir dövlətin, cəmiyyətin sağlam gələcəyinin etibarlı bünövrəsidir. Məhz buna görə Azercell şirkəti fəaliyyət dövrü ərzində təhsilin və gənclərin inkişafına yönəldilmiş müxtəlif layihələrin təşəbbüskarı və dəstəkçisi qismində çıxış edib, savadlı kadrların yetişdirilməsinə daima dayaq olmağa çalışır.