Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni könüllülük proqramına start verib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ölkədə könüllülük hərəkatını inkişaf etdirmək üçün 2022-2023-cü illər üçün könüllülük proqramına start verib. Məqsəd gənclərin potensialından səmərəli istifadə edilməsi, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılması, onlara peşə vərdişlərinin aşılanması, təcrübi biliklərinin artırılması və onların innovativ potensialının üzə çıxarılmasıdır.

Frame.az dövlət komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, könüllülük proqramına qoşulmaq istəyən gənclər 22 avqust – 1 sentyabr 2022-ci il tarixlərində AQUPDK-nin saytında qeydiyyatdan keçiblər. Müraciət edən 90 nəfər namizəd arasından 28 nəfər müsahibə ilə seçilərək iki ay müddətində könüllü fəaliyyətinə cəlb ediliblər.

Aparat rəhbəri Ceyran Rəhmətullayeva sentyabrın 22-də könüllülərlə görüşüb. O, Prezident İlham Əliyevin dəstəyi ilə gənclər üçün müxtəlif dövlət orqanlarında ictimai fəaliyyətlə bağlı yaradılan şərait, ölkədə həyata keçirilən dövlət ailə siyasətinin istiqamətləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq və uşaq hüquqlarının müdafiəsi sisteminin əsasları haqqında könüllülərə məlumat verib.

C.Rəhmətullayeva görüş zamanı iştirakçılara vətənpərvərlik hisslərindən danışıb və gənclərin öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılığının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır.

Görüş çərçivəsində Komitənin könüllülük proqramından iştirakçıların gözləntiləri dinlənilib. Tədbirdə layihələrin hazırlanması qaydası, qadın və uşaq hüquqlarının müdafiəsinə innovativ yanaşma, sosial ailə siyasətinin əsasları, insan resurslarının idarə edilməsi, risk və həssas qruplardan olan insanlarla iş və digər mövzular müzakirə edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində könüllülərə ailə siyasətinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, uşaq və ailələrə dəstək mərkəzlərinin fəaliyyəti ilə tanışlıq, vətəndaşlara psixoloji, hüquqi və sosial dəstəyin göstərilməsi ilə bağlı məlumatlandırılması və digər maraqlı tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: